Nabranda 3 yaşlı İmran Cəfərzadənin ağır xəsarət alması ilə nəticələnən faciəyə görə tutulanların məhkəməsi başlayıb
Bu gün Xaçmaz rayon Məhkəməsində ötən il iyulun 21-də “Nabran Holiday Village” istirahət mərkəzində baş verən faciə ilə bağlı tutulan şəxslərin məhkəmə prosesi keçirilib. APA-nın şimal bürosunun verdiyi məlumata görə, hakim Anar İbrahimovun sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxslərin ifadələri dinlənilib. İfadə verənlərdən Rəşad Zərbəliyev dövlət tərəfindən təyin olunmuş vəkildən imtina edib.
İmran Cəfərzadənin babası Cavanşir Baxşıyev məhkəmədən “Nabran Holiday Village”nin dəymiş ziyana görə 1,5 milyon manat təzminat ödəməsini istəyib.
Növbəti məhkəmə prosesi may ayının 13-nə təyin olunub.
Qeyd edək ki, hadisə bağlı 4 nəfər Xaçmaz rayonu Xudat şəhər sakini Aslan Hacıməmmədkərimov, obyektin icarədarı, Xaçmaz rayonu Xudat şəhər sakini İbrahimov Firdovsi Ağamusa oğlu, Əhmədov Ramiz Süleyman oğlu və Sumqayıt şəhər sakini Rəşad Zərbəliyev təqsirləndirilən şəxs qismində barələrində həbs qəti imkan tədbiri seçilib.
Hadisədən sonra Respublika Baş Prokurorluğunun hadisə ilə bağlı yaydığı məlumatda bildirilib ki, ötən il iyulun 21-də Bakı şəhər sakini, 2010-cu il təvəllüdlü İmran Cəfərzadənin Xaçmaz rayonunun Seyidli kəndində fəaliyyət göstərən “Nabran Holiday Village” istirahət mərkəzində xəsarət alaraq Mərkəzi Rayon Xəstəxanasına yerləşdirilməsi barədə rayon prokurorluğuna daxil olmuş məlumat əsasında rayon Prokurorluğu və Polis Şöbəsinin əməkdaşları tərəfindən hadisə yerinə baxış keçirilib, izahatlar alınıb, məhkəmə-tibbi ekspertizası təyin edilib və digər zəruri prosessual hərəkətlər yerinə yetirilib.
Aparılmış araşdırmalarla müəyyən edilib ki, İ. Cəfərzadə atası ilə birlikdə qeyd edilən tarixdə saat 12:30 radələrində istirahət etdikləri mərkəzin ərazisindəki hovuzun içərisində suda olarkən hovuzun yaxınlığında quraşdırılmış “Akvapark” adlanan qurğu işlək vəziyyətə gətirilib. Bu zaman su borusunun hovuzun içərisindəki hissəsində təhlükəsizliyi təmin edəcək qoruyucu barmaqlıq olmadığından yaxınlıqda olan azyaşlı İ. Cəfərzadənin hər iki ayağı həmin borunun içərisinə daxil olaraq ağır bədən xəsarətləri alıb.