Həbsdə olan AXCP üzvü məntəqə tipli cəzaçəkmə müəssisəsinə köçürülüb. Lent.az-ın Penitensiar Xidmətin ictimaiyyətlə əlaqələr şöbəsinə istinadən verdiyi məlumata görə, Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin 3 saylı İstintaq təcridxanasında saxlanılan məhkum Daşqın Əlisəfa oğlu Məlikov Bakı şəhəri Xəzər rayon məhkəməsinin qərarına əsasən, məntəqə tipli cəzaçəkmə müəssisəsinə keçirilib.
Cəzasının çəkilməmiş yarıdan çox hissəsi ilə məntəqə tipli cəzaçəkmə müəssisəsinə keçirilən Daşqın Məlikov Heydər Əliyevin Fəxri xiyabandakı məzarını ziyarət etməsi üçün ona şərait yaradılmasını xahiş edib.
Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin rəhbərliyi tərəfindən məhkumun müraciəti nəzərə alınıb və Daşqın Məlikov atası Əlisəfa Məlikovun iştirakı ilə H. Əliyevin Fəxri Xiyabandakı məzarını ziyarət edib.
Bakı şəhəri Xəzər rayon məhkəməsinin 17.04.2014-cü il tarixli qərarı icra edilərək D. Məlikov 6 saylı MTCÇM-nə keçirilib.
Qeyd edək ki, D. Məlikov bir müddət əvvəl AXCP sıralarını tərk etməsi barədə bəyanat yayıb.