Bu gün Bakı Apellyasiya Məhkəməsində Azərbaycan Xalq Cəbhəsi Partiyası (AXCP) sədrinin müşaviri Məmməd İbrahimin birinci instansiya məhkəməsinin hökmündən verdiyi şikayətə baxılıb.
Lent.az-ın məlumatına görə, hakim Əflatun Qasımovun sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxsin anket məlumatları dəqiqləşdirilib.
M.İbahimin vəkili Fariz Namazlı vəsatətlə çıxış edib. O, M.İbrahimin ev dustaqlığına buraxılmasını və işin istintaqla aparılmasını istəyib. Vəsatət təmin edilməyib.
Məhkəmənin növbəti baxış iclası mayın 13-nə təyin edilib.
Qeyd edək ki, M.İbrahim 2014-cü ildə AXCP-dən ayrılmış Mikayıl Quliyevin şikayət ərizəsi əsasında başlanmış cinayət işi üzrə 2015-ci il sentyabrın 30-da həbs olunub. Əvvəlcə ona qarşı Cinayət Məcəlləsinin (CM) 221.1-ci (xuliqanlıq, yəni ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən, vətəndaşlar üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, habelə özgənin əmlakının məhv edilməsi, yaxud zədələnməsi ilə müşayiət edilən qərəzli hərəkətlər) maddəsi ilə ittiham irəli sürülüb. Hadisədən bir ay sonra daha iki nəfər - Oruc Vəliyev və Məhəmməd Qurbanov da şikayət verərək bildiriblər ki, insident zamanı Məmməd İbrahim onları da vurub. Bundan sonra M.İbrahimə qarşı ittiham irəli sürülən maddə ağırlaşdırılaraq CM-nin 221.2.2-ci (xuliqanlıq, ictimai qaydanın qorunması üzrə vəzifəni yerinə yetirən və ya ictimai qaydanın pozulmasının qarşısını alan hakimiyyət nümayəndəsinə və ya digər şəxsə müqavimət göstərməklə törədildikdə) maddəsinə tövsif olunub.
Nərimanov Rayon Məhkəməsinin hökmü ilə M.İbrahim 3 il müddətinə azadlıqdan məhrum edilib. Hökmdən narazı qalan AXCP sədrinin müşaviri apellyasiya şikayəti ilə Bakı Apellyasiya Məhkəməsinə müraciət edib.