AXCP sədrinin köməkçisi, “Azadlıq” qəzetinin maliyyə direktoru Faiq Əmirlinin barəsində seçilmiş həbs qətimkan tədbirinin ev dustaqlığı ilə əvəz edilməsi ilə bağlı məhkəmə qərarından verilən apellyasiya şikayətinə baxılıb.
Lent.az-ın məlumatına görə, Bakı Apellyasiya Məhkəməsində keçirilən prosesdə qərar elan olunub.
Qərara əsasən, F.Əmirlinin apellyasiya şikayəti təmin edilməyib.
Xatırladaq ki, F.Əmirli barəsində seçilmiş həbs qətimkan tədbirinin ev dustaqlığı ilə əvəz edilməsi ilə bağlı Nəsimi Rayon Məhkəməsinə müraciət edib. Məhkəmə onun müraciətini təmin etməyib.
Qeyd edək ki, F.Əmirli ötən il avqustun 20-də saxlanılıb. Saxlanılarkən ona qarşı Cinayət Məcəlləsinin 283.1-ci (milli, irqi,sosial və ya dini düşmənçiliyin salınmasına, milli ləyaqətin alçaldılmasına, habelə milli, irqi, sosial və ya dini mənsubiyyətindən asılı olaraq vətəndaşların hüquqlarının məhdudlaşdırılmasına və ya üstünlüklərinin müəyyən edilməsinə yönələn hərəkətlər, aşkar surətdə və ya kütləvi informasiya vasitələrindən istifadə olunmaqla törədildikdə) maddəsi üzrə ittiham irəli sürülüb. Onun barəsində şübhəli şəxs qismində 48 saatlıq saxlanılma qərarı verilib.
Daha sonra F.Əmirliyə qarşı Cinayət Məcəlləsinin 168.1-ci (Dini məzhəbləri yaymaq və dini ayinlərin icrası adı altında fəaliyyət göstərən və bu fəaliyyətlə ictimai asayişi pozan, yaxud vətəndaşların sağlamlığına zərər vuran və ya formasından asılı olmayaraq vətəndaşların hüquqlarını pozan, habelə vətəndaşların qanunla müəyyən edilmiş vəzifələrini yerinə yetirməkdən yayındıran qrup təşkil etmə, ona rəhbərlik etmə və ya belə qrupda iştirak etmə) maddəsi ilə ittiham irəli sürülüb.
Onun avtomobilindən Fətullah Terror Təşkilatının (FETÖ) lideri Fətullah Gülənə aid kitablar tapılıb.