Qaxda piyadanın ölümü ilə nəticələnən yol qəzası baş verib. Qax rayon Polis Şöbəsindən APA-nın Şəki-Zaqatala bürosuna verilən məlumata görə, hadisə sentyabr ayının 27-i axşam saatlarında Qax şəhəri İsmayıl Dağıstanlı küçəsində baş verib.
Belə ki, 1967-ci il təvəllüdlü, Qax şəhər sakini Toğrul Rafiq oğlu Paşayev idarə etdiyi “Mercedes 220” markalı 90 CO 702 dövlət nömrə nişanlı avtomobillə hərəkətdə olarkən yolu keçmək istəyən piyada, 1946-cı il təvəllüdlü Adil Zahid oğlu Məhərrəmovu vurub.
Qəza nəticəsində müxtəlif dərəcəli bədən xəsarətləri alan A. Məhərrəmov Qax Rayon Mərkəzi Xəstəxanasına (RMX) aparılıb. Qax RMX-dan APA-ya verilən məlumata görə, A. Məhərrəmov sentyabrın 28-də xəstəxananın reanimasiya şöbəsində aldığı ağır bədən xəsarətlərindən keçinib.
Faktla bağlı Qax rayon Polis Şöbəsində cinayət işi başlayıb, araşdırma aparılır.