58 yaşlı qadını öldürüb su quyusuna atmaqda təqsirləndirilən Rəhim Bağırovun cinayət işi üzrə məhkəmə başlayıb.
Lent.az-ın məlumatına görə, Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Azər Paşayevin sədrliyi ilə keçirilən iclasda təqsirləndirilən şəxsin anket məlumatları dəqiqləşdirilib.
Məhkəmə baxışı iyulun 17-nə təyin olunub.
Məhkəmə zalında mərhumun yaxınları ilə təqsirləndirilən şəxsin yaxınları arasında əlbəyaxa dava düşüb. Məhkəmə nəzarətçiləri tərəfləri sakitləşdirib.
Qeyd edək ki, hadisə ötən il Şamaxı şəhərinin Azadlıq küçəsindəki 52 saylı mənzildə qeydə alınıb. Şəhər sakini, 1960-cı il təvəllüdlü Bağırova Badam Abduləli qızının itkin düşməsi barədə polisə məlumat daxil olub. Axtarış zamanı Badam Bağırovanın meyiti həyətindəki köhnə su quyusundan tapılıb. Araşdırma zamanı məlum olub ki, hadisəni bir neçə il əvvəl dünyasını dəyişən Hacı Bağırovun birinci arvadı ilə nikahından olan oğlu - 1958-ci il təvəllüdlü Rəhim Bağırov törədib.
O, atasının ikinci arvadını amansızlıqla qətlə yetirib. Daha sonra onun meyitini yaşadığı evin həyətindəki köhnə su quyusuna atıb. Meyitin üstünə daş və torpaq, ağac atıb. Ev sahibi Hacı Bağırov dünyasını dəyişsə də, hər iki arvadı öz övladları ilə birgə eyni həyətdə yaşayıb.