Ata və anasını döyərək hədələyən Natiq Piriyevin barəsində olan məhkəmə qərarından verilən kassasiya şikayətinə baxılıb.
Lent.az-ın məlumatına görə, Ali Məhkəmədə hakim Gülzar Rzayevanın sədrliyi ilə keçirilən prosesdə qərar elan olunub.
Hakimlər kollegiyasının qərarına əsasən, N.Piriyevin kassasiya şikayəti təmin edilməyib.
Qeyd edək ki, N.Piriyev dəfələrlə ata və anasını döyüb, onlara hədə-qorxu gələrək yaşadıqları evi satmalarını, ona pul vermələrini tələb edib. 34 yaşlı N.Piriyev ana və atasını öldürməklə, qəsdən sağlamlıqlarına ağır xəsarət yetirməklə hədə-qorxu gəlib.
Təqsirləndirilən şəxsin anası Kəmalə Piriyeva və atası Qulu Piriyev övladlarından şikayətçi olduqlarını deyiblər.
N.Piriyev daha əvvəl narkotik və qanunsuz olaraq odlu silah saxlamaq ittihamları ilə məhkumluq həyatı yaşayıb. N.Piriyev dəfələrlə özünə xəsarətlər yetirib, qollarına və bədəninin müxtəlif nahiyələrinə xəsarətlər yetirib. Sonuncu dəfə həbsxanada boyun nahiyyəsini kəsərək özünə xəsarət yetirib.
Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə N.Piriyev 6 il müddətinə azadlıqdan məhrum olunub.