Azərbaycanda ər arvadının başını qırxıb, qulaqlarını kəsdi
01 oktyabr 2013 13:32 (UTC +04:00)

Azərbaycanda ər arvadının başını qırxıb, qulaqlarını kəsdi

Azərbaycanın Astara rayonunda dəhşətli işgəncə faktı baş verib.


 

APA-nın cənub bürosunun məlumatına görə, hadisə rayonun Kələdəhnə kəndində qeydə alınıb. Kənd sakini, narkotik alüdəçisi olduğu bildirilən 33 yaşlı Çingiz Mehdiyev həyat yoldaşı, 28 yaşlı Nisə Xəlilovanın əl-qolunu bağlayaraq ona dəhşətli işgəncələr verib.

 

Hadisə şahidlərinin bildirdiyinə görə, həyat yoldaşının hər zaman ona verdiyi işgəncələrə dözməyən Nisə Xəlilova 9 ay öncə ata evinə gedib. Çingiz Mehdiyev qadının geri qayıtmasına nail olub və ona yenidən işgəncələr verməyə başlayıb. Nisə Xəlilova evə gələndən sonra Ç. Mehdiyev onun əl-qolunu bağlayaraq başını qırxıb, qulaqlarını bıçaqla kəsib, bədəninin müxtəlif yerlərinə çoxsaylı xəsarətlər yetirib. Bu zaman Nisə Xəlilovanın səsini eşidən qonşular onu xilas etməyə cəhd etsələr də, Ç. Mehdiyev onları yaxına gələcəkləri təqdirdə arvadını öldürəcəyi ilə hədələyib. Bunu görən qonşular qızın atasına zəng edərək onu hadisədən xəbərdar ediblər. Bundan sonra Nisə Xəlilova müxtəlif xəsarətlərlə Astara Mərkəzi Rayon Xəstəxanasına (MRX) çatdırılıb.

 

MRX-nin cərrahiyyə şöbəsinin müdiri Etibar Cəlilovun APA-ya verdiyi məlumata görə, N.Xəlilova xəstəxanaya daxil olarkən vəziyyəti çox ağır olub. Onda qapalı beyin travması, burun sümüyündə sınığı, bədənində çoxsaylı bıçaq xəsarətləri aşkarlanıb: “Qadının başının təpə nahiyəsində kəsilmiş yara, sağ qulaq seyvanının  kəsilmiş yarası, sol qulağının arxa səthində kəsilmiş yara, sağ ayağında kəsilmiş yara, hər iki gözaltı nahiyədə iri həcmli hematomalar və bədənin ayrı-ayrı nahiyələrində çoxsaylı qançırlar vardı”.

 

N. Xəlilovaya müvafiq tibbi yardım göstərilib. Şok əleyhinə tədbirlər tətbiq olunub. Hazırda vəziyyəti ağır-stabil olaraq qalır.

 

Nisə Xəlilovanın anası Sevda Xəlilova APA-ya açıqlamasında baş verənlərlə bağlı bunları deyib: “Qızım 9 ildir ki, ərə gedib, o zamandan bəri bütün bunları çəkirdik. Həmişə vururdu, əzirdi, ancaq belə olmurdu. Savaşırdı, dalaşırdı deyirdim düzələr də, iki övladları var. İçirdi dəli olurdu, pul istəyirdi, nəşə istəyirdi. Sonuncu dəfə də belə oldu”.

 

İşgəncəyə məruz qalan qadının atası Telman Xəlilov isə “içəri girəndə gördüm qızımın əli-ayağı bağlı vəziyyətdədir, sifəti tanınmaz haldadır.  Bədəni,  qanın içindədir. Çingiz dedi ki, mən eləmişəm, əcəb eləmişəm”, deyə bildirib.

 

Çingiz Mehdiyev saxlanılmayıb. O, istintaqa verdiyi ilkin ifadəsində Nisə Xəlilovanın ona xəyanət etdiyini bildirib.

 

Zərərçəkmişin yaxınları isə deyilənləri təkzib edərək, bunu Çingiz Mehdiyevin özünü müdafiə etməsi kimi qiymətləndiriblər.

 

Məlumata görə, əslində hadisəyə Çingiz Mehdiyevin evdə olan qızıl üzüyü apararkən Nisə Xəlilovanın buna etiraz etməsi səbəb olub.

 

Hazırda faktla bağlı rayonun hüquq-mühafizə orqanlarında araşdırma aparılır.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 8685
avatar

Oxşar yazılar