Aslan İsmayılovdan vəkil həmkarına cavab
31 yanvar 2013 18:55 (UTC +04:00)

Aslan İsmayılovdan vəkil həmkarına cavab

Azərbaycan Beynəlxalq Universitetinin sabiq rektoru Elşad Abdullayevin əməlləri ilə bağlı “Təzadlar” qəzetinə müsahibə verən vəkil Ramiz Zeynalov vəkil Aslan İsmayılova yönəlik də sərt ifadələr dilə gətirib.

 

Elşad Abdullayevin yaydıqları videogörüntülərin şantaj və böhtan xarakterli olduğunu söyləyən Ramiz Zeynalov deyib ki, çox təəssüf ki, Azərbaycanda belə bir şantajla məşğul olan adama dəstək verənlər də var və onlardan biri də təəssüf ki, hüquqşünas Aslan İsmayılovdur: “Azərbaycanda siyasi hakimiyyətin dəyişdirilməsinə dair siyasi açıqlamalar verən, istefalar tələb edən Elşad Abdullayevlə həmfikir olan Aslan İsmayılov Vəkillər Kollegiyasının sıralarında qala biLməz. Hüquqşünas-vəkil siyasətlə məşğul olmamalıdır. Çünki ən böyük siyasət vəkil üçün elə vəkillikdir. Onun siyasi açıqlamaları, istefalar tələb etməsi həm də ümumi vəkillik institutuna qarşıdır, ümumi işimizi zərbə altına qoymaqdır, gözdən salmaqdır... Bir sözlə, düşünər ki, nə qədər ki, Elşad Abdullayev istintaqa cəlb olunmayıb, onun hay-küyünə inanıb siyasi bəyanatlar verənlərin sayı da çox olacaq. Mən buna təəssüflər edirəm”.

 

 

Aslan İsmayılov isə Lent.az-a açıqlamasında bildirib ki, o, Ramiz Zeynalov kimilərə cavab verməzdi: “Amma Ramiz Zeynalova indi cavab vermək onu ortaya atanlara cavab verməkdir. Ramiz Zeynalov bir neçə dəfə məhkum olunmuş adamdır, o, ömrü boyu yaltaqlıqla çörək qazanıb. Buna baxmayaraq, heç vaxt da istəyinə nail ola bilməyib. Mən isə ömrü boyu mübarizə apara-apara çörək qazanmışam. Ramiz Zeynalovdan fərqli olaraq Elşad Abdullayev rektor olan dövrdə, Azərbaycanda at oynatdığı vaxtda mən dəfələrlə onun cinayət məsuliyyətinə cəlb olunması barədə müraciət etmişəm. O zaman Ramiz Zeynalovlar ona dəsmal tutmağa can atırdılar”.

 

A. İsmayılov heç vaxt siyasi hakimiyyətin dəyişikliyini istəmədiyini də vurğulayıb: “Dəfələrlə bütün çıxışlarımda hər dəfə islahatların ölkə üçün gərək olduğunu demişəm. Mən həmişə islahat tərəfdarı olmuşam, heç vaxt prezidentin istefasını tələb edən bəyanat səsləndirməmişəm. Mən Elşad Abdullayevi müdafiə etmirəm, vətəndaş kimi Elşad Abdullayevin yaydığı kasetlərdəki xüsusatların araşdırılmasını tələb edirəm. Vəkil olaraq da bunu tələb edirəm. Ona görə ki, o kasetlərdə çox ciddi dövləti cinayətlərdən söhbət gedir”.

 

 

Aslan İsmayılov qeyd edib ki, Ramiz Zeynalovla onun arasındakı fərqi bilmək üçün ölkədə 3-5 adamdan maraqlanmaq lazımdır: “Mənə ancaq vəkil Aslan İsmayılov deyiblər. Ramiz Zeynalova isə 10 ayaması var. O cümlədən “Terrazini” ayaması var. “Terrazini” isə “Sprut” filmində italyan mafiozların vəkili, qatı cinayətkar olub. Ramiz Zeynalov özünə “Terrazini” deyilməsi ilə həmişə fəxr edib. Mən isə bu ayamanı özümə təhqir sayardım. Vəkillər Kollegiyasında kimin qalıb-qalmamasına gəlincə, Ramiz Zeynalov bir neçə dəfə məhkum olunmasına baxmayaraq, Vəkillər Kollegiyasında qalmaqdadır. Mən cinayət törətməmişəm, amma apardığım mübarizəyə görə vəkillikdən xaric edilmişəm. Vəkil olmayaraq, fəaliyyət göstərmişəm və ailəmə halal zəhmətimlə çörək qazanmışam”.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1677
avatar

Oxşar yazılar