İsmayıllıda qətl törətməkdə təqsirləndirilən Elçin Cəfərovun cinayət işi üzrə ibtidai istintaq yekunlaşıb.
Lent.az-ın məlumatına görə, E. Cəfərov barəsində toplanan cinayət işinin materialları baxılması üçün Şəki Ağır Cinayətlər Məhkəməsinə göndərilib. Cinayət işi hakim Nahid Mirzəyevin icraatına verilib.
Məhkəmənin hazırlıq iclasının vaxtı hələlik açıqlanmayıb.
Qeyd edək ki, hadisə ötən il rayonun Kürdmaşı kəndində qeydə alınıb. Kənd sakini, 1989-cu il təvəllüdlü Səfərova Ceyhunə Adil qızı odlu silahdan açılan atəş nəticəsində ağır bədən xəsarətləri alıb və xəstəxanaya aparılarkən yolda dünyasını dəyişib. Üç uşaq anası Ceyhunə Səfərovanın həyat yoldaşı tərəfindən öldürüldüyü bildirilir.
C.Səfərova bir neçə il əvvəl Ağdaş rayonundan İsmayıllıya gəlin gəlib. Qətl hadisəsi namus üstündə baş verildiyi bildirilir.
Gecə saatlarında evinə gələn E. Cəfərov həmkəndlisi, 1988-ci il təvəllüdlü Həsənov Məhəmmədəli Ağalar oğlunu evində, həyat yoldaşının yanında görüb. E. Cəfərov M. Həsənovu döyərək ona bədən xəsarətləri yetirib. Bundan sonra isə həyat yoldaşını güllə ilə vuraraq öldürüb.
Ağır kəllə-beyin travması alan M. Həsənov İsmayıllı Mərkəzi Rayon Xəstəxanasına yerləşdirilib.