Türkiyənin “Hürriyət” qəzetinin köşə yazarı Yalçın Bayer nəqliyyat naziri Ziya Məmmədovun oğlu Anar Məmmədovdan yazıb.
“Qafqazinfo”nun Türkiyə mətbuatına istinadən verdiyi məlumata görə, “Azəri nazirin türk mühafizəçisinə nə oldu?” başlıqlı yazıda Azərbaycan xalqının son vaxtlar Anar Məmmədovun Türkiyə vətəndaşı olan polis mühafizəçisinin başına nə gəldiyi ilə maraqlandığı ifadə olunub:
“Azərbaycanlı dostlarımızın verdiyi məlumata görə, Azərbaycanda siyasi gücü və prezident İlham Əliyevə yaxınlığı ilə tanınan nəqliyyat naziri Ziya Məmmədovun oğlu Anar Məmmədovun iş həyatı, eləcə də sosial həyatında sürətli yüksəlişi yerli mətbuatda diqqət cəlb edir. Nazir oğlunun tez bir zamanda varlanmasından sonra onun mühafizəçilərinin də sayı sürətlə artır.
İllərdir ki, nazir oğlunun yanında mühafizəçi işləyən Türkiyə vətəndaşı İsmayıl Gənc azərbaycanlı mühafizəçilərlə tez-tez dava edirdi. Üç həftə öncə baş vermiş davada isə sözü bu dəfə silahlar “deyib”. İsmayıl Gənc azəri mühafizəçilərin açdığı atəş nəticəsində ağır yaralandı və Bakıdakı xəstəxanalardan birində müalicə olunmağa başladı. Lakin Azərbaycan mətbuatı bu hadisəni işıqlandırmadı. İsmayılın aqibəti haqqında da bilgi yoxdur. Gəncin ailəsi Bakıdakı Türkiyə Səfriliyinə müraciət edərk oğullarının aqibətini öyrənməyə çalışıblar, amma nəticə əldə edə bilməyiblər. Xarici işlər naziri Əhməd Davudoğlu ilə əlaqə yaratmaq istədilər, bu da nəticə vermədi. Onlar oğullarının yaşayıb-yaşamadığını, öldüysə qəbrinin harada olduğunu bilmək istəyirlər.
Onu da qeyd edək ki, nazir oğlu Anar Məmmədovun iki həftə “Çırağan” şadlıq sarayında milyon dollarlıq ad günü ziyafəti verdiyi və Bodrum yaxınlığında 40 milyon dolar dəyərində bir adanı aldığı deyilir. Atası Azərbaycanda nəqliyyat naziri olanda adi bir universitet tələbəsi olan Anar Məmmədovun qısa zamanda qazandığı var-dövlət və parıltılı həyatı Azərbaycan xalqının bir nömrəli dedi-qodu müzakirələrindən biridir".
Bu məlumatların mənbəyini göstərmirik, amma hadisəni Türkiyədə çox az insan bilir. Azərbaycan mətbuatı isə bu hadisəni yaza bilmir.