ABŞ-ın Azərbaycandakı səfiri Riçard Morninqstar Qəbələyə ikigünlük səfər edib.
Lent.az-ın AzərTAc-a istinadən məlumatına görə, rayonla tanışlıq məqsədi daşıyan səfər çərçivəsində Riçard Morninqstar ilk öncə Qəbələ rayon İcra Hakimiyyəti başçısının birinci müavini Abil Ağasəfovla görüşüb.
Görüşdə səfirə Qəbələ haqqında, rayonun tarixi, kənd təsərrüfatı, turizm infrastrukturu, təhsil müəssisələri və mədəniyyət abidələri barədə, tikinti-quruculuq və sosial-iqtisadi inkişafla bağlı görülən işlər haqqında məlumat verilib.
Qəbələyə ilk səfəri olduğunu qeyd edən diplomat rayonun mənzərəsinin onda yüksək təəssürat yaratdığını vurğulayıb.
Riçard Morninqstar Abil Ağasəfova kənd təsərrüfatı haqqında kitab hədiyyə edib.Amerikalı diplomata icra hakimiyyəti adından üzərində Qəbələ qalasının görüntüsü olan xalça hədiyyə olunub.
Sonra qonaq Qəbələ regional QHT-lərin Resurs və Təlim Mərkəzində yerli qeyri-hökumət təşkilatlarının nümayəndələri ilə görüşüb.
ABŞ-ın Azərbaycandakı səfiri Riçard Morninqstar “İngilis dili üzrə mikro təqaüd proqramı” çərçivəsində təhsil alan Qəbələ rayonunun Tüntül kənd orta məktəbinin şagirdləri ilə görüşüb. Görüşdə məlumat verilib ki, məktəbin 15-17 yaşlı 25 şagirdi artıq bu proqram üzrə bir ildir ki, ingilis dili kurslarında iştirak edir. Şagirdlərə ingilis dilini yerli müəllimlər öyrədir. Onlar səfirlə bir başa ingilis dilində söhbətləşib.
ABŞ səfiri müasir dövrdə dünyada ingilis dilinin böyük əhəmiyyətə malik olduğunu bildirib və şagirdlərin ötən bir il ərzində bu dili orta səviyyədə öyrənmələrini yüksək qiymətləndirib. Səfir şagirdlərə anadan olduğu Boston şəhəri, oxuduğu Harvard Universiteti barədə məlumat verib buna dair şəkillər göstərib.
Müəllim və şagirdlərlə keçirilən görüşdə bildirilib ki, səfirliyin həyata keçirdiyi layihə çərçivəsində hazırda Azərbaycanın 16 şəhər və rayonunda 240 məktəbli ingilis dilini öyrənir. 2004-cü ildən bugünədək dünyada 95 mindən çox şagird bu proqram çərçivəsində ingilis dilini öyrənib.
2007-ci ildən Azərbaycanda həyata keçirilən bu proqram çərçivəsində isə 800 şagird ingilis dilini öyrənib. İki illik kursları bitirən şagirdlər gələcəkdə FLEKS proqramında iştirak edərək ABŞ-da bir illik təhsil almaq imkanı əldə edir.
Hazırda 6 nəfər bu proqram çərçivəsində ABŞ-da təhsil alır.
Xatırladaq ki, mayın 14-də Riçard Morninqstar rayonun Nic qəsəbəsinə səfər edəcək. Onun növbəti səfəri isə Qusara olacaq.