Bakıda Almaniya Federativ Respublikasının Azərbaycandakı səfirliyinin attaşesinə qarşı edilmiş xuliqanlıq əməlinə görə cinayət işi başlanıb. Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən Lent.az-a verilən məlumata görə, fevralın 19-da Almaniya Federativ Respublikasının Azərbaycandakı səfirliyinin attaşesi D.Birnbaum Nəsimi RPİ-nin 22-ci Polis Bölməsinə ərizə ilə müraciət edərək səfirliyin “İSR Plaza” mehmanxanasında yerləşən ofisində tanımadığı şəxsin təhqirinə və fiziki təzyiqinə məruz qaldığını, onun xuliqanlıq hərəkətləri nəticəsində sözügedən diplomatik nümayəndəliyin normal iş rejiminin qısa müddət ərzində pozulduğunu bildirib.
Məsələ ilə bağlı dərhal araşdırma aparılıb və həmin şəxsin Bakı şəhər sakini Fərid Nəcəfquluzadə olduğu müəyyən edilib. Təhqiqat orqanı tərəfindən D.Birnbaumun, səfirliyin digər əməkdaşlarının, həmçinin, Fərid Nəcəfquluzadənin izahatları alınıb, digər təxirəsalınmaz tədbirlər həyata keçirilib.
Toplanmış materiallar Nəsimi RPİ-nin İstintaq şöbəsinə göndərilib. Burada isə faktla bağlı Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.1-ci (xuliqanlıq) maddəsi ilə cinayət işi başlanılıb, istintaq aparılır.
İşin tam, hərtərəfli və obyektiv araşdırılması və Fərid Nəcəfquluzadənin əməlinə hüquqi qiymət verilməsi üçün bütün zəruri tədbirlər görüləcəkdir.