Quldurluq edən keçmiş polisin hökmü dəyişmədi
Bakı Apelyasiya Məhkəməsində quldurluqda təqsirləndirilən keçmiş polis əməkdaşı Şaban Məmmədovun birinci instansiya məhkəməsinin hökmdən verdiyi şikayət üzrə məhkəmə prosesi yekunlaşıb.
APA-nın məlumatına görə, hakim Elmar Rəhimovun sədrliyi ilə keçirilən prosesdə qərar elan olunub.
Qərara əsasən, Ş.Məmmədovun apelyasiya şikayəti təmin edilməyib və birinci instaniya məhkəməsinin hökmü dəyişdirilmədən saxlanılıb.
Qeyd edək ki, paytaxt sakini Ülvi Abdullazadə Xətai Rayon Polis İdarəsinə müraciət edərək “Ukrayna” dairəsində yerləşən parkda özünü polis əməkdaşı kimi təqdim edən bir nəfərin ona yaxınlaşdığını və quldurluq yolu ilə 100 manat pulunu əlindən aldığını bildirib. Daha sonra cinayəti törətməkdə şübhəli bilinən Bakı şəhər sakini Ş.Məmmədov saxlanılıb.
Araşdırma zamanı məlum olub ki, Ş.Məmmədov daxili işlər orqanlarının əməkdaşı olmadığı halda, özünü zərərçəkənə polis kimi təqdim edərək qeyd edilən cinayəti törədib.
Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Ş.Məmmədov 9 il müddətinə azadlıqdan məhrum edilib.
Xatırladaq ki, Ş.Məmmədov daha əvvəl polis əməkdaşı olub.
373