Bu gün Bakı Apelyasiya məhkəməsində qətlədə təqsirləndirilən Seymur və Murad Məmmədov qardaşları barəsində olan hökmdən verilən apellyasiya şikayəti əsasında məhkəmə prosesi başa çatıb. Lent.az-ın məlumatına görə, hakimlər kollegiyasının qərarı ilə Bakı Ağır Cinayətlər Məhkəməsinin Seymur Məmmədova verdiyi 12, Murad Məmmədova isə 3 il həbs cəzasını qüvvədə saxlayıb.
Qeyd edək ki, hadisə ötən il sentyabrın 2-də Keşlə qəsəbəsi, M.Hilal küçəsində baş verib. Naməlum şəxs qəsəbə sakini Elçin Fərəcovun döş qəfəsinə ov tüfəngindən bir dəfə atəş açaraq onu yaralayıb. Elçin Fərəcov xəstəxanaya aparılarkən yolda ölüb.
Daxili İşlər Nazirliyi Baş Cinayət-Axtarış İdarəsi, Bakı Şəhər Baş Polis İdarəsinin Cinayət-Axtarış İdarəsi, Nizami Rayon Polis İdarəsinin cinayət-axtarış şöbəsi və 23-cü polis bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində hadisənin törədilməsində şübhəli bilinən Bakı şəhər sakini, 1986-cı il təvəllüdlü Məmmədov Seymur Həmzə oğlu sentyabrın 3-də tutulub. Ondan maddi sübut kimi 1 ədəd 16 kalibrli lüləsi və qundağı kəsilmiş ov tüfəngi götürülüb.
İstintaq zamanı şübhəli şəxs qismində Seymurun qardaşı Murad da həbs edilib.
Məlumatla görə, qətlə yetirilən şəxs “AMAY” ticarət mərkəzinin rəhbəri Abdulla Abdullayevin yaxın qohumu olub.