Sevgilisi olan qohumunu moteldə qətlə yetirməkdə təqsirləndirilən Asif Ağamalıyev birinci instnasiya məhkəməsinin hökmündən verdiyi şikayət üzrə məhkəmə davam edib.
Lent.az-ın məlumatına görə, Bakı Apellyasiya Məhkəməsində hakim Mirzəli Abbasovun sədrliyi ilə keçirilən prosesdə müdafiə tərəfi cinayət işinin istintaqla aparılmasını istəyib. Hakimlər kollegiyası bu vəsatəti təmin etməyib. Vəkillər məhkəmənin baxış iclasından Ali Məhkəməyə kassasiya şikayəti verib.
Qeyd edək ki, qətl 2014-cü il noyabrın 20-də Binəqədi rayonunda yerləşən "Vulkan" motelində başa verib. Kürdəmir rayon sakini, 35 yaşlı Afaq Şükürova ərini və iki uşağını ataraq əmisi oğlu A.Ağamalıyevə qoşularaq Bakıya qaçıb. A.Ağamalıyev A.Şükürovanın motelin hamam otağından asılmış meyitini tapıb. Əvvəlcə qadının intihar etməsi barədə şübhələr yaransa da, onun əmisi oğlu tərəfindən öldürüldüyü sübuta yetirilib. Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə A.Ağamalıyev 18 il müddətinə azadlıqdan məhrum edilib.