Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində Nardaran hadisələri ilə bağlı tutulan Müsəlman Birliyi təşkilatın sədri Taleh Bağırov, AXCP sədrinin müavini Fuad Qəhrəmanlı və digərlərinin cinayət işi üzrə məhkəmə prosesi davam edib.
Lent.az-ın məlumatına görə, cinayət işinə hakim Əlövsət Abbasovun sədrlik edir. Prosesdə həm şahid və həm də zərərçəkmiş kimi Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin məxvi şöbəsinin rəisi Elman Bayramov ifadə verib.
O, bildirib ki, hadisə günü səhər saat 10:30-da idarədə əməliyyatla bağlı toplantı keçirdiblər: "Saat 12:30-da isə Nardaranda əvvəl mövqelərimizi seçdik. 2 nəfər qapıdan girdi, bir neçə nəfər isə hasardan tullandı. Mən qumbaranın atılmasını görmədim, çünkü arxadan gəlirdim. Ancaq partlayış səsini eşitdim. Talehi mən tutdum. O, şok vəziyyətində idi, müqavimət göstərmədi. Talehin kompüterini də götürdük. Əməliyyata Kərim Əlimərdanov başçılıq edib".
T.Bağırov isə bildirib ki, istintaqda ümumiyyətlə kompüterim olmayıb. Qeyd edib ki, noutbukum var idi, lakin onu götürməyiblər".
Qeyd edək ki, T. Bağırzadə Cinayət Məcəlləsinin 120-ci (qəsdən adam öldürmə) maddəsinin 120.2.1, 120.2.3, 120.2.4, 120.2.7, 120.2.12, 29,120-ci (qəsdən adam öldürməyə cəhd) maddəsinin 29, 120. 2.1, 29,120.2.3, 29, 120.2.4, 29,120.2.7, 29, 120. 2. 12, 228.3-cü (qanunsuz olaraq odlu silah əldə etmə), 228.4-cü (qanunsuz olaraq silah gəzdirmə) və digər maddələri ilə ittiham olunur. Ötən il noyabrın 26-da hüquq-mühafizə orqanlarının əməkdaşlarının Bakının Nardaran qəsəbəsində keçirdikləri xüsusi əməliyyat zamanı T. Bağırov da daxil olmaqla 60-dan çox şəxs saxlanılıb. Həmin şəxslərdən bir neçəsinin cinayət işi digərlərindən ayrılaraq Sabunçu rayon Məhkəməsinə göndərilib, barələrində müvafiq hökmlər çıxarılıb.
AXCP sədrinin müavini F. Qəhrəmanlı isə ötən il dekabrın 8-də həbs edilib. O, Cinayət Məcəlləsinin 281 (dövlət əleyhinə açıq çağırışlar), 283-cü ( milli, irqi, sosial və ya dini nifrət və düşmənçiliyin salınması) və 220.2-ci (hakimiyyət nümayəndəsinin qanuni tələblərinə fəal şəkildə tabe olmamağa və kütləvi iğtişaşlara, habelə vətəndaşlara qarşı zorakılıq etməyə çağırışlar etmə) maddələri ilə ittiham olunur.