DəmirBank 12 mart 2013-cü il tarixdə Lənkəranda filialın yeni ofisində “Açıq qapılar günü” və İcra Hakimiyyəti ilə birgə “Plastik kartlardan istifadə və nağdsız ödənişlər” mövzusunda maarifləndirici tədbir keçirib.
İki hissədən ibarət tədbirdə Bankın nümayəndələri və müştəriləri, Lənkəran rayonu İcra Hakimiyyətinin və şəhər ictimaiyyətinin nümayəndələri iştirak edib.
Bankın filialında keçirilən tədbirdə DəmirBank-ın fəaliyyəti, tarixi nailiyyətləri, eləcə də Lənkəran filialı və filialın göstərdiyi xidmətlər barədə iştirakçılara məlumat verilib, müxtəlif kredit məhsulları və sair xidmətlər üzrə maarifləndirici materiallar paylanılıb və suallar cavablandırılıb.
Lənkəranda Heydər Əliyev Mərkəzində 240 nəfərin iştirak etdiyi tədbirdə isə “Plastik kartlardan istifadə və nağdsız ödənişlər” üzrə maarifləndirici təqdimat keçirilib. Tədbirdə İcra Hakimiyyəti başçısının müavini DəmirBank tərəfindən hazırlanan tədbiri yüksək dəyərləndirib. Lənkəranda fəaliyyət göstərən bank və kredit təşkilatları sırasında DəmirBank-ın ilk dəfə bu mövzuda geniş maarifləndirici tədbir keçirdiyi vurğulanıb.
Qeyd edək ki, analoji tədbir ötən ilin sonlarında Şəmkir rayonunda təşkil edilib.
Hazırda DəmirBank-ın xidmət şəbəkəsi 31 filialdan ibarətdir. Onlardan 13-ü Bakıda, 18-i isə müxtəlif regionlarda – Gəncə, Sumqayıt, Şəki, Zaqatala, Yevlax, Bərdə, Qazax, Şəmkir, Quba, Qusar, Göyçay, Ağdaş, Ağsu, Şamaxı, Lənkəran, Masallı, Sabirabad və İmişli şəhərlərində yerləşir.