[b]Xəzinədara 14 bıçaq vuran şəxs: "Həbsdən 3 günlük icazə almışdım"[/b]
Oğurluq etmək məqsədi ilə şirkətin xəzinədarını öldürməyə cəhddə təqsirləndilən 1983-cü il təvəllüdlü Turan Kubuşovun cinayət işi üzrə məhkəmə iclası davam edib.
Lent az-ın məlumatına görə, Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Mahmud Ağalarovun sədrliyi ilə məhkəmə prosesdə prokuror ittiham aktını elan edib.
İttihama münasibət bildirən Turan Kubuşov özünü təqsirli bilməyib.
O qeyd edib ki, heç bir günahı yoxdur.
Kubuşov zərərçəkmiş Tərxan Namazovu vurmadığını, ondan pul tələb etmədiyini deyib: "Toya gedəcəyim gün Vəli Dünyamalıyevdən borc istədim. Sonra da toyda getdim. Bir gün sonra məni Vəli Dünyamalıyevin otağına çağırdılar. Vəli özü mənə zəng eləmişdi. Dedi ki, gələrsən, söhbət edərdik. Gedəndə gördüm ki, tanımadığım başqa adamlar da var. Məndən hadisə barədə soruşdular. Məlumatsız olduğunu dedim. Məni polisə dəvət etdilər".
Suallara cavab verən Kubuşov daha əvvəl də dava etdiyi üçün cəza aldığını, azadlığının məhdudlaşdırıldığını deyib:
"Komendaturadan 3 günlük icazə almışdım. Evdə təmir işləri gedirdi. Elə hadisələr də bu üç gündə baş verdi. Mən bir neçə dəfə oradan icazə alıb çıxmışam".
Xatırladaq ki, Vəli Dünyamalıyev “ZD Travel” şirkətinin rəhbəri olub. Kubuşov bir müddət Dünyamalıyevin sürücüsü işlədiyini deyib.
İstintaqda törətdiyi əməli etiraf edən Kubuşov bunu belə izah edib: "Mənə işgəncə verilib. Döyülmüşəm və zorakılıqla üzləşmişəm. Başqa işgəncələr veriləcəyi deyildiyi üçün boynuma almışam".
İttihama görə, hadisə 2018-ci il aprelin 25-də Yasamal rayonu, Məhəmməd Naxçıvani küçəsində yerləşən “ZD Travel” şirkətinin qarşısında baş verib. Şirkətin mühasibi, 1989-cu il təvəllüdlü Tərxan Namazov 20 min manat pulla ofisdən çıxıb avtomobilə tərəf gedərkən maskalı şəxs hücum edərək çantanı alıb qaçmaq istəyib. Lakin Tərxan ona müqavimət göstərdiyi üçün cinayətkar silaha əl atıb və mühasibə 14 bıçaq zərbəsi vurub. Ətrafdakı taksi sürücülərinin hadisə yerinə yaxınlaşdığını görən maskalı şəxs oradan qaçaraq uzaqlaşıb. T.Namazov xəstəxanaya yerləşdirilib.
Hadisəni törətməkdə şübhəli bilinən Turan Kubuşov saxlanılıb.
726