Bu sözləri APA-ya açıqlamasında Yeni Azərbaycan Partiyasının (YAP) icra katibinin müavini, deputat Mübariz Qurbanlı İsmayıllıdakı son vəziyyəti şərh edərkən deyib.
M. Qurbanlı bildirib ki, hazırda rayonda sakitlikdir və az əvvəl başa çatan iclasdan sonra rayonun mərkəzi küçələrini gəzərək yerli əhali ilə görüşlər keçirirlər: “İclasda İsmayıllı ziyalıları, ağsaqqalları və digər təbəqən olan nümayəndələr çıxış etdilər, öz fikirlərini söylədilər. Bütövlükdə bütün iştirakçıların fikri bundan ibarət oldu ki, rayonda son günlər baş vermiş hadisə adi bir yol-nəqliyyat hadisəsinin nəticəsi olmaqla, əhalinin bir qisminin qıcıqlanması ilə yaranan bir hal olub. O da bildirildi ki, baş vermiş bu olaydan istifadə edərək vəziyyəti daha da gərginləşdirməyə cəhd ediblər, amma əhali həmin fitnəkarlara qarşı çıxıb”.
M. Qurbanlı qeyd edib ki, hüquq-mühafizə orqanları tərəfindən gərginliyin qarşısı alınıb və hazırda YAP-ın fəalları tərəfindən yerli əhali ilə təmaslar davam etdirilir: “İğtişaşlara qoşulub qanuna zidd hərəkət edən və saxlanan gənclərin ailələri ilə görüş oldu. Aparılan söhbətdən sonra onlar azad edilib. Həm iclasda, həm də hazırda keçirdiyimiz görüşlər zamanı yerli sakinlər bildirdilər ki, onlar hamısı prezident İlham Əliyevin fəaliyyətini dəstəkləyirlər, onun siyasi kursunun tərəfdarıdırlar”.
M. Qurbanlının sözlərinə görə, rayon ictimaiyyəti ilə birgə iclasdan sonra YAP-ın rayon qərargahında da toplantı keçirilib və çıxış edən YAP-ın sədr müavini Əli Əhmədov rayondakı partiya üzvləri qarşısında duran vəzifələrdən danışıb: “Buna baxmayaraq, bəzi radikal müxalifət nümayəndələri rayonda hələ də özünü göstərməkdədir ki, bu da müxalifətçilikdən çox, dövlətçiliyə qarşı dağıdıcı fəaliyyəti rayondan başlamaq cəhdidir. Əsas odur ki, biz istər ictimaiyyət nümayəndələri, istərsə də hazırda şəhər əhalisi ilə görüşdə aydınlaşdırdıq ki, yerli əhalidən heç kim onlara dəstək vermir. Əhali hadisənin qanunauyğun araşdırılması və günahkarların qanuni formada cəzalandırılmasının tərəfdarıdırlar. Biz onlara xatırlatdıq ki, hadisəyə səbəb olanlar saxlanılıb və bununla bağlı tam obyektiv istintaq gedir. İstintaqın nəticəsinə uyğun olaraq hər şeyə hüquqi qiymət veriləcək”.
Yerli əhalinin İcra Hakimiyyətinin başçısı Nizami Ələkbərovdan narazılığı ilə bağlı məlumatlara toxunan M. Qurbanlı deyib ki, əhali arasında istefa tələbi aydın formada görünməsə də, müəyyən qüvvələr bunu tələb edir: “Lakin bu məsələ ultimatum formasında həyata keçmir. Bu məsələ ölkə başçısının səlahiyyətindədir və araşdırmalar sona çatdıqdan sonra müvafiq qərar veriləcək. Əgər araşdırmaların nəticəsi olaraq nöqsanlar üzə çıxacaqsa, ona uyğun qərar qəbul ediləcək. Bu qərar əvvəllər də qəbul edilib və indi də edilə bilər”.