"Gülər Əhmədova məni qovalayıb, mən qaçmışam"
26 dekabr 2012 20:18 (UTC +04:00)

"Gülər Əhmədova məni qovalayıb, mən qaçmışam"

0

 

 Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində “Xural” qəzetinin həbsdə olan baş redaktoru Əvəz Zeynallının cinayət işi üzrə məhkəmə prosesi davam etdirilib.

 

APA-nın məlumatına görə, Ə. Zeynallının vəkilləri məhkəməyə gəlmədikləri üçün proses vaxtından gec başlayıb. Məhkəmə başlamazdan əvvəl zala gətirilən Ə. Zeynallı bildirib ki, Azərbaycanda müdafiə sistemi bərbad vəziyyətdədir: “Jurnalistləri bu cür müdafiə etmək olmaz. Dörd vəkildən biri vaxtında prosesə gəlmir. Kristof Ştrasser məni siyasi məhbusların siyahısına salıb. Bu ölkədə hamı susub oturub. Jurnalistin başından bir tük əksik olanda jurnalistləri müdafiə edən bütün təşkilatlar onun yanında olmalıdır. Mən demirəm ki, hanı Əflatun Amaşov, hanı Vüqar Səfərli? Mən soruşuram ki, hanı Reportyorların Azadlıq və Təhlükəsizlik İnstitutu, hanı Emin Hüseynov? Dörd aydır Emin Hüseynovla görüşə bilmirəm. Mən ən çox dostlarımı tənqid edirəm. Belə olmaz”.

 

Daha sonra vəkil Elçin Sadıqov prosesə gəlib və proses başlayıb. Ə. Zeynallı “elə etmək lazımdır ki, vəkillər olmadan proses davam etdirilsin”, deyə bildirib.

 

Hakim Ramella Allahverdiyeva isə bunun qanunsuz olduğunu qeyd edib: “Dörd vəkilin var. Heç olmasa biri vaxtında gəlib iştirak etsin” .

 

Prosesdə vəkil Elçin Sadıqov Ə. Zeynallıya suallar verib. Suallara cavab olaraq Ə. Zeynallı bildirib ki, Gülər Əhmədova haqında qəzetdə məqalələr yazdığını deyib: “Yazmışam ki, Gülər Əhmədovanın qəzeti bağlanır, yazmışam ki, Gülər Əhmədova maaş vermir, qonorar vermir. Amma onun şəxsi həyatı ilə bağlı məndə məlumat olmayıb və bu barədə yazmamışam. Gülər Əhmədova məni qovalayıb. Mən qaçmışam. Neçə adamdan xahiş edib ki, ona deyin telefonu götürsün. Rauf Arifoğlunun xahişi ilə bir dəfə telefonuna cavab vermişəm. Onda da çox qısa danışmışıq ”.

 

Proses yanvarın 9-da davam etdiriləcək.

 

Qeyd edək ki, Ə. Zeynallı ötən il oktyabrın 28-də həbs edilib. Onun barəsində Cinayət Məcəlləsinin 311.3.3 və 311.3.4-cü maddələri ilə cinayət işi başlanıb, barəsində məhkəmənin qərarı ilə həbs-qətimkan tədbiri seçilib.

 
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 2275

Oxşar yazılar