Heydər Əliyev Fondu, Mədəniyyət və Turizm Nazirliyi və Azərbaycan Bəstəkarlar İttifaqının təşkilatçılığı ilə “Muğam dünyası” III Beynəlxalq Muğam Festivalına hazırlıq davam edir. Bu barədə Lent.az-a nazirliyin mətbuat xidmətindən məlumat verilib. “Muğam dünyası” III Beynəlxalq Muğam Festivalı çərçivəsində baş tutacaq əsas tədbirdən biri də "Azərbaycan muğamlarında və Şərqin oxşar ənənəvi janrlarında musiqi alətlərinin rolu" mövzusunda beynəlxalq elmi simpoziumdur.
Simpoziumda elmi çıxışların istiqaməti milli alətlərin problemlərinə həsr edilib. Bəstəkarlar İttifaqında keçirilən konfranslarda ölkəmizi simpoziumda təmsil edəcək məruzə müəllifləri müəyyən edilib.
Qeyd edək ki, simpoziumda Kanada, Tunis, Rusiya, Çin, İran, Yaponiya mütəxəssislərinin, o cümlədən Şərq musiqi elminin görkəmli alimləri fransalı Jan Dürinq, almaniyalı Yurgen Elsnerin iştirakı gözlənilir.