Bakıda qətl törətməkdə təqsirləndirilən Tuncay Vəliyev və Fərman Ocaqquliyevin cinayət işi üzrə məhkəmə davam edib.
Lent.az-ın məlumatına görə, Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Azad Məcidovun sədrliyi ilə keçirilən prosesdə Tuncay Vəliyevin vəkili Rəşad Mirmehdizadə vəsatətində bildirib ki, istintaq zamanı ciddi prosessual pozuntulara yol verilib.
Müdafiəçi qeyd edib ki, Tuncay Vəliyevin bu işdə qətiyyən təqsirli yoxdur və ittiham qərəzlidir.
Rəşad Mirmehdizadə əlavə edib ki, istintaq zamanı müdafiə etdiyi şəxsin həbs qətimkan tədbirinin müddəti başa çatdığı halda prokurorluq işi tələm-tələsik məhkəməyə göndərib. Vəkil deyib ki, təqsirləndirilən şəxsə şikayət vermək hüququ belə yaradılmayıb.
Məhkəmə müşavirədən sonra vəsatətlərlə bağlı qərarı elan edib. Qərara əsasən iş yenidən araşdırılması üçün prokurorluğa qaytarılıb.
Qeyd edək ki, ötən il iyunun 7-də, gecə saat 3 radələrində Nəsimi rayonunun Ə.Topçubaşov küçəsində Bakı şəhər sakini, əvvəllər məhkum olunmuş Rəşad Hüseynov bıçaqla qətlə yetirilib.
Polis əməkdaşlarının əməliyyat-axtarış tədbirləri nəticəsində qətli törətməkdə şübhəli bilinən Binəqədi qəsəbə sakini, əvvəllər məhkum olunmuş T.Vəliyev saxlanılıb. Onun yaşadığı evdən narkotik vasitə olan heroin və ambunika aşkar edilərək götürülüb.
Məlum olub ki, R.Hüseynov taksi kimi fəaliyyət göstərdiyi avtomobilində öldürülüb.
İstintaq orqanı tərəfindən aparılan araşdırma zamanı qətlin daha bir iştirakçısı - F.Ocaqquliyev müəyyən edilərək saxlanılıb.
Xatırladaq ki, T.Vəliyev mərhum müğənni Vidadi Bərdəlinin oğludur. Tuncay bir müddət müğənni kimi fəaliyyət göstərib.