Ukraynada Zaporojye şəhərindəki hostellərdən birində baş vermiş yanğın zamanı ölən 4 azərbaycanlının nəşi bu gün Azərbaycana göndərilib.
Zaporojye Azərbaycanlıları Cəmiyyətindən APA-ya verilən məlumata görə, ölənlərdən birinin nəşi diaspor tərəfindən bu gün Kiyev-Bakı təyyarə reysi ilə, digərlərinin meyiti isə avtomobillə yola salınıb.
Qeyd edək ki, iki gün əvvəl Ukraynanın Zaporojye şəhərindəki hostellərdən birində baş verən yanğında 4 azərbaycanlı ölüb. Bunlar Ukrayna vətəndaşı, əslən Saatlı rayonunun Minbaşılı kəndindən olan, 1962-ci il təvəllüdlü Zeynalov İlham Nuru oğlu, Azərbaycan vətəndaşı, Cəlilabad şəhər sakini, 1955-ci il təvəllüdlü Yolçuyev Balamirzə Ağamirzə oğlu, Azərbaycan vətəndaşı, Ağdaş şəhər sakini, 1968-ci il təvəllüdlü Əliyev Yaşar Məzahir oğlu və Azərbaycan vətəndaşı, Sabirabad rayonunun Türkadi kənd sakini, 1978-ci il təvəllüdlü Abuşov İntiqam Yengibar oğludur.
Hosteldə əsasən topdansatış tərəvəz bazarının satıcılarının yaşadığı açıqlanıb.