“Türkiyə terrorla və terrora dəstək verən ölkələrə qarşı təkbaşına mübarizə aparır. Sanki bir səlib yürüşü ilə üzləşib. İndi Türk Birliyi zamanıdır. Biz də bunun üçün bütün gücümüzlə çalışacağıq”. APA-nın xəbərinə görə, bu barədə Türk Dünyası Parlamentlər Birliyinin sədri Nail Çələbi mətbuat konfransında deyib.
TDPB sədri, türk dünyasının millət vəkilləri, iş adamları, QHT-lər və media nümayəndələrinin vasitəsilə Türk dünyasında birlik və bərabərliyi gücləndirməyə çağırıb: “Hədəfimiz türk dünyasını yaradan müstəqil türk dövlətlərinin parlamentləri və millət vəkilləri arasında əməkdaşlığı inkişaf etdirməkdir”.
Türkiyə ordusunun Afrindəki əməliyyatda haqlı olduğunu vurğulayan N.Çələbi ölkəsinin təklənilməyə çalışıldığını bildirib.
"Artıq Avropa Birliyinə bənzər Türk Birliyinin qurulması şərtdir. Türk Birliyi olsaydı Türkiyə bu qədər yalnız olmaz, söykənəcək bir dayağı olardı" - deyə TDPB sədri bildirib.
Türk dünyasının millət vəkillərinə çağırış edən N.Çələbi Türk Dünyası Parlamentlər Birliyində hər partiyadan nümayəndə olduğunu bildirib.