[b]Həbsxanaya telefon keçirmək istədilər...[/b]
Ədliyyə Nazirliyi Penitensiar Xidmətin əməliyyat aparatının həyata keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində Həbsxanaya və 15 saylı Cəzaçəkmə müəssisəsinə qadağan olunmuş əşyaların keçirilməsi cəhdlərinin qarşısı alınıb. Bu barədə Lent.az-a Xidmətin İctimaiyyətlə əlaqələr şöbəsindən bildirilib.
Verilən məlumata görə, martın 20-də Cinayət Məcəlləsinin 234.4.1; 234.4.3; 234.1; 67.1-ci maddələrinə əsasən 8 il müddətinə azadlıqdan məhrum edilmiş və hazırda Penitensiar xidmətin Həbsxanasında cəza çəkən məhkum Səlimov Kamran Kamil oğlunun yanına qısamüddətli görüşə gəlmiş bibisi Bakı şəhər sakini Kərimova Nahidə Yunus qızı tərəfindən gətirilmiş sovqata və üzərinə baxış keçirilən zaman ona məxsus əl çantasının içində 1 ədəd “Samsung” markalı mobil telefon və bir ədəd danışıq kartı aşkar edilib.
Martın 21-də Cinayət Məcəlləsinin 120.2.1; 120.2.3; 120.2.4; 120.2.7; 120.2.12; 29, 120.2.1; 29, 120.2.3; 29, 120.2.4; 29, 120.2.7; 29, 120.2.12; 28, 214.2.1; 28, 214.2.3; 214.2; 220.2; 228.3; 228.4; 233; 278; 279; 281.2; 283.2.3; 315.2; 66.3; 317.2.1; 67.1-ci maddələrinə əsasən 18 il müddətinə azadlıqdan məhrum edilmiş və hazırda Penitensiar xidmətin Həbsxanasında cəza çəkən məhkum Bağırov Taleh Kamil oğlunun yanına üç azyaşlı övladları ilə birgə qısamüddətli görüşə gəlmiş arvadı Bakı şəhər sakini İsmayılzadə Leyla Miryaqub qızı tərəfindən gətirilmiş sovqata və əşyalarına baxış keçirilən zaman uşaq çantasının içində oyuncaqların arasından 1 ədəd “Samsung” markalı mobil telefon və bir ədəd danışıq kartı aşkar edilib.
Həmin gün Cinayət Məcəlləsinin 180.2.3-cü maddəsi əsasən 4 il müddətinə azadlıqdan məhrum edilmiş və hazırda Penitensiar xidmətin 15 saylı Cəzaçəkmə müəssisəsində cəza çəkən məhkum Axundov Fərman Ağadadaş oğlunun qısamüddətli görüşə gəlmiş Bakı şəhər sakini Axundov Cavanşir Ağadadaş oğlunun üzərinə baxış keçirilərkən metadon həbləri aşkar edilib.
Hər üç faktla bağlı araşdırma aparılır.
1025