İki qadını fahişəliyə cəlb etməkdə təqsirləndirilən tanınmış prodüsser Təranə Səmədova barəsində olan hökmdən kassasiya şikayəti üzrə məhkəmə prosesi keçirilib.
Lent.az-ın məlumatına görə, Ali Məhkəmədə hakim Fərhad Kərimovun sədrliyi ilə keçirilən proses qapalı olub. Prosesdə dinləmələr keçirilib. Prodüsserin vəkili çıxış edərək müvəkkili barəsində bəraət hökmünün çıxarılmasını tələb edib.
Məhkəmə prosesi mayın 7-dək təxirə düşüb. Qərar həmin gün elan ediləcək.
Qeyd edək ki, T.Səmədovanın barəsində Daxili İşlər Nazirliyinin İnsan Alveri üzrə Mübarizə İdarəsində cinayət işi başlanıb. O, iki qadını fahişəliyə cəlb etməkdə ittiham olunur. Cinayət işi üzrə iki qadın zərərçəkmiş şəxs qismində tanınıb. İstintaq orqanı tərəfindən T.Səmədovanın barəsində Cinayət Məcəlləsinin 243.1-ci (gəlir və ya digər fayda əldə etmək məqsədi ilə fahişəliyə cəlbetmə) maddəsi ilə ittiham elan edilib. Nərimanov Rayon Məhkəməsinin hökmü ilə T.Səmədova 1 il müddətinə azadlıqdan məhrum edilib. Onun barəsində olan polis nəzarətində qətimkan tədbiri həbs qətimkan tədbiri ilə dəyişdirilib və məhkəmə zalında həbs olunub. Təranə Səmədova barəsində bəraət hökmünün çıxarılmasını xahiş edib.