"Azərbaycan Beynəlxalq Bank" ASC-dən kredit götürüb qaytarmamaqda təqsirləndirilən sabiq deputat Dünyamin Xəlilov, Əliyev Rauf, Musayev Şakir, Fərhad Əmiraslanov və digərlərinin cinayət işi üzrə məhkəmənin hazırlıq iclası başlayıb.
Lent.az-ın məlumatına görə, Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Əhməd Quliyevin sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxsin anket məlumatları dəqiqləşdirilib.
Məhkəmə zamanı məlum olub ki, zərərçəkmiş qismində Beynəlxaq Bank və "Aqrarkredit Bank" ASC tanınıb.
Təqsirləndirilən şəxslər ümumilikdə 50 milyon manat mənimsəmədə ittiham olunur.
Məhkəmə baxışı fevralın 2-nə təyin edilib.
Qeyd edək ki, 2015-ci ilin yayından Beynəlxalq Banka kredit borcları olan şəxslərin həbsinə başlanılıb. Bu məsələ ilə bağlı bir çox işadamı saxlanılıb. "Globus Plaza"nın sahibi olan D.Xəlilov da dələduzluqda təqsirli bilinir. O, ötən ilin fevral ayında Daxili İşlər Nazirliyi Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsi əməkdaşlarının həyata keçirdiyi əməliyyat zamanı saxlanılaraq, Nərimanov Rayon Məhkəməsinin qərarı ilə barəsində həbs qətimkan tədbiri seçilib.
D.Xəlilov və digəri Cinayət Məcəlləsini 178.3.2-ci (dələduzluq, külli miqdarda törəldildikdə) maddəsi ilə ittiham olunurlar.