Eldar Mahmudovun vəkilinin kimliyi bilindi
Ləğv edilmiş Milli Təhlükəsizlik Nazirliyinin əməkdaşları tərəfindən 21 ay həbsdə saxlanılan və sonradan bəraət alan Mətləb Mustafayevin sabiq nazir general-polkovnik Eldar Mahmudova qarşı iddiası üzrə məhkəmə davam edib.
Lent.az-ın məlumatına görə, Yasamal rayon Məhkəməsində hakim Sərdar Mehrəliyevin sədrliyi ilə keçirilən prosesə sabiq nazir Eldar Mahmudov gəlməyib.
Eldar Mahmudovu vəkil Cavid Rzazadə təmsil edib.
Bundan başqa işə əlavə cavabdeh kimi cəlb edilən Maliyyə Nazirliyinin nümayəndəsi prosesdə iştirak etməyib.
M. Mustafayev çıxış edərək bildirib ki, E.Mahmudovun məhkəməyə gəlməyi çox vacibdir: "Həmin suallara vəkil cavab verə bilməz. Ona görə də Eldar Mahmudovun prosesdə iştirakını təmin etməyinizi xahiş edirəm".
C. Rzazadə bildirib ki, artıq Mülki Prosessual Məcəllənin 144-cü maddəsi ləğv edildiyi üçün cavabdehin məcburi gətirilməsinə ehtiyac yoxdur.
Hakim M. Mustafayevin vəsatətini təmin etməyib.
Daha sonra vəkil C. Rzazadə vəsatət verərək proses zamanı əməliyyat məlumatlarının müzakirə ediləcəyini bildirib və zalda jurnalistlərin iştirak etdiyini vurğulayıb.
M. Mustafayev isə prosesin açıq olduğunu deyib.
Vəkil qeyd edib ki, M. Mustafayev iddia ərizəsində Maliyyə Nazirliyini cavabdeh şəxs kimi qoysa da, onlardan tələbinin nə olduğunu bildirməyib.
M. Mustafayev iddia ərizəsinə dəqiqləşdirmə verib. Əsas cavabdeh kimi Maliyyə Nazirliyini göstərib, E.Mahmudov isə əlavə cavabdeh kimi işə cəlb edilib. M. Mustafayev tələb etdiyi pulun Maliyyə Nazirliyindən tutulmasını, nazirliyin isə pulu Eldar Mahmudovdan alıb ona ödəməsini istəyib.
İddiaçı nazirliyin Nəsimi rayonu ərazisində yerləşdiyini əsas gətirərək işə Nəsimi Rayon Məhkəməsində baxılmasını istəyib.
M. Mustafayevin vəsatəti təmin edilib və iş baxılması üçün Nəsimi Rayon Məhkəməsinə göndərilib.
Qeyd edək ki, Mətləb Mustayayev sabiq nazir Eldar Mahmudovun sifarişi ilə həbs edilməsini göstərib. Mətləb Mustafayev sabiq nazirdən 100 min manatdan çox pul təzminatı ödəməsini tələb edib.
Mətləb Mustafayev əvvəllər Dövlət Əmlak Komitəsində müxtəlif vəzifələrdə, həmçinin 2014-cü ilədək Azərsu ASC-də iqtisadçı işləyib.
221