[b]BDU professoru qulluqçusunu həbsə atdıra bilmədi[/b]
Oğurluqda təqsirləndirilən Mehriban Quliyevanın apelyasiya şikayəti üzrə məhkəmə baş çatıb.
Lent.az-ın məlumatına görə, Bakı Apelyasiya Məhkəməsində hakim Mirpaşa Hüseynovun sədrliyi ilə baş tutan prosesdə qərar elan edilib.
Qərara görə, Mehriban Quliyevanın həbs edilməsi barədə zərərçəkmiş Aida İbrahimovanın verdiyi apelyasiya şikayəti təmin edilməyib.
Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Mehriban Quliyeva 4 il müddətinə azadlıqdan məhrum edilib.
Cinayət Məcəlləsinin 79-cu maddəsi nəzərə alınaraq, qadının təzə doğulmuş körpəsi 14 yaşına çatana qədər hökmün icrası təxirə salınıb.
Bu qərardan narazı qalan zərərçəkmiş Aidə İbrahimova apelyasiya şikayəti verib. O, Mehriban Quliyevanın həbs edilməsini istəyib.
Qeyd edək ki, birinci instansiya məhkəməsində çıxış edən dövlət ittihamçısı Mehriban Quliyevanın 8 il müddətinə azadlıqdan məhrum edilməsini təklif edib, onun məhkəmə zalında həbs edilməsini tələb edib.
Mehriban Quliyeva Cinayət Məcəlləsinin 177-ci (oğurluq) maddəsi ilə təqsirli bilinib.
İttiham aktına əsasən, o, qulluqçu işlədiyi mənzildən oğurluq etməkdə təqsirli bilinir.
4 uşaq anası olan Mehriban Quliyeva məhkəmə dövründə 5-ci uşağını dünyaya gətirib.
Onun barəsində həbs qətimkan tədbiri seçilməyib. Ev dustaqlığında olan qadın ittihamda qeyd edilənlərlə razılaşmadığını söyləyib.
İşlədiyi evdən oğurluq etdiyini boynuna alan Mehriban Quliyeva məbləğin şişirdildiyini bildirib. O, mənzil sahibinə dəymiş zərərin bir hissəsini ödəyib.
Xatırladaq ki, mənzilindən oğurluq edilən Aida İbrahimova BDU-nun professorudur. İttihama görə, onun mənzilindən 41 min manat oğurlanıb. Mehriban Quliyeva 7 min manatı istintaq dövründə ödəyib.
154