Bu gün baş prokuror Zakir Qaralovun əmri ilə Baş prokuror yanında Korrupsiyaya Qarşı Mübarizə Baş İdarəsinin rəis müavini vəzifəsindən azad edilərək Bakı şəhər prokuroru təyin edilən İlqar Abbasov kollektivə təqdim edilib. Lent.az xəbər verir ki, baş prokuror Zakir Qaralov Bakı şəhər Prokurorluğuna gələrək İlqar Abbasovu kollektivə təqdim edib, ona uğurlar arzulayıb.
Qeyd edək ki, bir neçə gün əvvəl Bakı şəhər prokuroru olmuş Əziz Seyidovun səlahiyyət müddəti başa çatıb. Aprelin 25-də Ə. Seyidov Milli Məclisin qəbul etdiyi qərarla Ali Məhkəmənin hakimi seçilib.
İlqar Abbasova gəlincə, onun 44 yaşı var və Naxçıvan şəhərində anadan olub. Daha əvvəl Naxçıvan Muxtar Respublikasında, Lənkəran və Səbail rayon prokurorluqlarında, Baş Prokurorluğun Dövlət İttihamının Müdafiəsi üzrə İdarəsində işləyən İ.Abbasov Baş prokurorun köməkçisi vəzifəsinə yüksəlib. 2009-cu ildən etibarən Baş prokuror yanında Korrupsiyaya Qarşı Mübarizə Baş İdarəsinin rəis müavini vəzifəsində çalışan İ.Abbasova 2014-cü ildə III dərəcəli dövlət ədliyyə müşaviri ali xüsusi rütbəsi (ədliyyə general-mayoru) verilib.