Ötən gecə Bakının Binəqədi rayonu ərazisində avtobusun altında qalaraq ölən qadının şəxsiyyəti müəyyənləşib. Lent.az xəbər verir ki, M.Ə.Rəsulzadə qəsəbəsi, Azadlıq prospektində 165 saylı marşrut üzrə hərəkət edən və Balagözov Vaqif Həmzə oğlunun idarə etdiyi "Daewoo" markalı sərnişin avtobusunun altında qalaraq ölən qadının 1964-cü il təvəllüdlü Cəfərova Bahar Əbdüləli qızı olması müəyyənləşib. Bəlli olub ki, ölən qadın Binəqədi sakinidir və hadisənin baş verdiyi yerə yaxın ərazidə yaşayırmış.
Bildirilir ki, avtobusun vurduğu B.Cəfərova ruhi xəstə olub və tez-tez avtomobillərin hərəkət zolağında gəzərək sürücülər üçün təhlükəli vəziyyət yaradırmış.
Faktla bağlı Binəqədi rayon Polis İdarəsində cinayət işi açılıb, araşdırma aparılır.
*****
4:16
Bakının Binəqədi rayonu ərazisində piyadanın ölümü ilə nəticələnən ağır yol nəqliyyat hadisəsi baş verib.
APA-nın məlumatına görə, M.Ə.Rəsulzadə qəsəbəsi, Azadlıq prospektində qeydə alınmış avtoqəza zamanı 165 saylı xətt marşrutu üzrə hərəkət edən, Balagözov Vaqif Həmzə oğlunun idarə etdiyi "Daewoo" markalı sərnişin avtobusu 45-50 yaşlarında bir qadını vurub.
Nəticədə ağır xəsarətlər piyada hadisə yerində dünyasını dəyişib. Əraziyə YPX müfəttişləri və Binəqədi RPİ-nin əməkdaşları cəlb olunub. Ərazidə müayinələr aparılıb. Avtobusun sürücüsü ifadəsinin alınması üçün polis idarəsinə aparılıb.
Hadisə şahidlərinin sözlərinə görə, avtobusun vurduğu qadın ruhi-əsəb xəstəsi olub və tez-tez avtomobillərin hərəkət zolağında gəzərək sürücülər üçün təhlükəli vəziyyətlər yaradırmış. Növbəti belə vəziyyətlərin birində isə o, avtobusun qarşısına çıxıb. Qeyd edək ki, avtobus həmin vaxt qaraja yollanırmış.