Sentyabrın 24-də Binəqədi rayonu, Rəsulzadə qəsəbəsində itkin düşmüş 10 yaşlı Hikmət Hümbət oğlu Kərimlinin axtarışları davam edir. Hikmət Kərimlinin anası Validə Kərimli Lent.az-a açıqlamasında bildirib ki, oğlunu sonuncu dəfə qəsəbədə yerləşən internet kafedə görüblər: “Oğlum şənbə günü günorta evdən çıxıb bir daha qayıtmayıb. Bazar günü onu uşaqlar internet kafedən çıxarkən görüblər. Ordan çıxıb hara getdiyi bilinmir. Polislər oğlumu axtarırlar. Hikmət qorxaq uşaq deyil. Fəal uşaqdı. Nömrələrimi əzbər bilir. Kimsə onu aldadıb. Mənə deyirlər, bəlkə səndən çəkinib evə gəlmir? Deyirəm, yox, dəfələrlə başı oyuna qarışıb evə qaranlıqda gəlib. Danlamışam. Amma evə gəlməməyi olmamışdı. Polis İdarəsindən də mənə dedilər ki, pis bir şey olsaydı, xəbəri gələrdi. Narahat olmayın, sağ-salamatdır, tapılacaq. Özümdən asılı deyil. Dəftərini itirəndə 5 saat axtarırsan. Bu isə uşaqdı, uşağımdı. Necə narahat olmayım? İki gecədir yata bilmirəm, gözümə yuxu getmir. İki gündü havalar da soyuyub. Evdə çıxanda əynində yay köynəyi, qısa şalvar vardı. Ürəyim partlayır. Oğlum hardadı? Bu soyuqda ac-susuz nə edir? Yarım saat gözümə dəyməyəndə axtarışa başlayırdım. Səhlənkar ana deyiləm. Səhv edəndə həmişə başa salmışam, demişəm, günah səndə də olsa, səni həmişə müdafiə edəcəyəm, qorxma”.
***
10:06
Bakıda 10 yaşlı uşaq itkin düşüb.
APA-nın məlumatına görə, paytaxtın Binəqədi rayonu, Rəsulzadə qəsəbə sakini, 2007-ci il təvəllüdlü Hikmət Hümbət oğlu Kərimlinin itkin düşməsi barədə polisə məlumat daxil olub.
Daxil olan məlumat əsasında axtarışlara başlanıb.