Bakı sakini oğurladığı maşınla qəza törədib. Bu barədə Lent.az-a Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən bildirilib.
Verilən məlumata görə, Binəqədi RPİ-nin 40-cı Polis Bölməsinə müraciət edən Çiçək qəsəbə sakini E.Cəbrayılov fevralın 24-də saat 19 radələrində qəsəbə ərazisindən “VAZ-21011” markalı avtomobilinin qaçırıldığını bildirib.
Keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində avtomobil saat 20 radələrində Sulutəpə qəsəbəsinin ərazisində hasara vurulmuş vəziyyətdə tapılıb.
Nəqliyyat vasitəsini qaçırmaqda şübhəli bilinən Bakı şəhər sakini K.Quliyev polis əməkdaşları tərəfindən saxlanılıb.
Faktla bağlı araşdırma aparılır.