Sabiq nəqliyyat naziri Ziya Məmmədovun müavini olmuş, “Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyətinin keçmiş Arif Əsgərovun dələduzluqda təqsirləndirilən baldızı oğlu Emil Hüseynovun barəsində seçilmiş həbs-qətimkan tədbirinin ev dustaqlığı ilə əvəz edilməsi ilə bağlı məhkəmə keçirilib.
Lent.az-ın məlumatına görə, Səbael rayon Məhkəməsində hakim Azər Tağıyevin sədrliyi ilə keçirilən prosesdə müdafiə tərəfinin verdiyi vəsatət təmin edilib, E.Hüseynovun barəsində ev dustaqlığı qətimkan tədbiri seçilib. O, məhkəmə zalından azadlığa buraxılıb.
Qeyd edək ki, E.Hüseynova Cinayət Məcəlləsinin 178.3.2 (külli miqdarda dələduzluq) maddəsi ilə ittiham verilib. Belə ki, o, Bakı sakini Tural Hüseynovdan 382 min dollar, Namiq Mehtiyevdən 80 min manat, Emil Məmmədovdan 2 milyon 500 min dollar və Mərziyyə Rzayevadan isə 19500 manat pulu dələduzluq yolu ilə ələ keçirməkdə təqsirli bilinir. E.Hüseynov Gürcüstandan izolyasiya və digər materiallar gətirmək adı ilə həmin vətəndaşları pul alaraq verdiyi vədə əməl etməyib.
Zərərçəkmiş Tural Hüseynovun vəkili Emil Aslanov və digərləri jurnalistlərə açıqlamasında qeyd ediblər ki, E. Hüseynov İnterpol xətti ilə axtarışda olub. O, ötən il məhz Qazaxıstanda saxlanılaraq Azərbaycana ekstradisiya olunub.
Vəkil Emil Aslanov məhkəmənin qərarını şərh edib: "Həmin adam uzun müddət qaçıb. İndi o daha rahat şəkildə yenidən azadlıqdadır və hər an yenə istintaqdan yayınaraq qaça bilər. Onun qardaşı Rahib Hüseynovu da dələduzluqda təqsirli bilinirdi. Məhz bu işə baxan hakim Azər Tağıyev Rahib Hüseynovu da məhkəmə zalından azadlığa buraxdı".
Müdafiəçi bildirib ki, qərardan apellyasiya şikayəti verəcək.