Ekologiya və Təbii Sərvətlər Nazirliyinin təşkilatçılığı ilə Böyük Qafqaz dağlarının Başdağ silsiləsinin Qızıl Qaya massivində yerləşən “Heydər zirvəsi”nə kütləvi yürüş təşkil olunub.
Lent.az-ın məlumatına görə, respublikanın bütün regionlarından yürüşlərdə iştirak etmək üçün müraciət edənlərin sayı 400-dən artıq olub. Yürüşdə həmçinin APA TV-nin 3 əməkdaşı -Jalə Məmmədli, Azər Nağıyev və Elvin Bayramlı da iştirak ediblər. Jurnalistlər ümumilikdə 11 kilometrlik yolu çətinlikdə başa vuraraq zirvəyə çata biliblər. Qeyd edək ki, Jalə Məmmədli müxbirlər arasında zirvəyə çatan ilk xanım jurnalist olub.
Yürüşlə bağlı reportaj tezliklə APA TV-də yayımlanacaq.
Qeyd edək ki, Heydər Əliyevin ad günü ərəfəsində Xınalıq kəndi ərazisindən dəniz səviyyəsindən 3751 metr hündürlükdə yerləşən “Heydər zirvəsi”nə təşkil olunan yürüşlər artıq ənənəyə çevrilib və respublikanın müxtəlif bölgələrindən bu aksiyaya qoşulanların sayı ilbəil artmaqda davam edir. Zirvəni ziyarət etmək istəyən vətəndaşların arzularının rahat şəkildə gerçəkləşdirməsi üçün "Heydər zirvəsi"nə yürüşlərin daha da kütləviləşməsi, ən müxtəlif qurumlardan yürüşə qatılmaq barədə müraciətlərin daxil olması, yürüş etmək istəyənlərin sayının ötən illərlə müqayisədə daha da çoxluğu nəzərə alınaraq yürüşün Ekologiya və Təbii Sərvətlər Nazirliyi tərəfindən təşkil olunması məqsədəmüvafiq sayılıb.
Buna uyğun olaraq Şahdağ Milli Parkının ərazisində yerləşən "Heydər zirvəsi"nə 03-11 may 2014-cü il tarixlərində kütləvi yürüşlə bağlı təşkilati məsələləri yüksək səviyyədə həyata keçirmək, düşərgə salmaq, yürüş marşrutunu müəyyənləşdirmək, müvafiq əraziləri və yürüş iştirakçılarını təchizatlandırmaq, ən əsası isə çətin relyef və iqlim şəraitinə malik olan ərazilərdə insanların təhlükəsizliyini təmin etmək və riskləri minimuma endirmək, o cümlədən yürüşlərin mütəşəkkilliyini təmin etmək məqsədilə Ekologiya və Təbii Sərvətlər Nazirliyinin müvafiq Əmri ilə Təşkilat Komitəsi yaradılıb.
"APA Holding"in əməkdaşları 3751 metr yüksəklikdə
1635