Günün ikinci yarısında keçirilən proses haqqında Çovdarovun vəkili Sadiq Rəsulov ifadə verib.
Prosesdə zərərçəkmiş sayılan və hazırda həbsdə olan “Şahbulaq” MTK-nın sədri Nəsib Əliyevin epizodu üzrə dinləmələr keçirilib.
Nəsib Əliyev məhkəmədə istintaqa ifadəsini təsdiqləyib və bildirib ki, vətəndaşlara qarşı külli miqdarda dələduzluqda təqsirli bilinərək Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə 13 il müddətinə azadlıqdan məhrum edilib.
İstintaqa zərərçəkmiş şəxs kimi ifadə verən Nəsib Əliyev bildirib ki, MTN generalına ümumilikdə 430 min dollar və 1 milyon manatlıq mənzil verib.
Nəsib Əliyev ilk dəfə 2006-cı ildə Çovdarov və dəstəsinin “radar”ına düşüb. Belə ki, 2006-cı ildə MTN əməkdaşları onun ofisinə gələrək nazirliyə çağırıblar. Nazirlikdə onu Çovdarov qəbul edib və ondan 100 min dollar pul tələb edib. Müəyyən danışıqdan sonra 80 min dollara razılıq əldə olunub. Nəsib Əliyev pulu sabahı gün Akif Çovdarova çatdırıb.
Nə.Əliyevin ifadəsinə görə, Çovdarov 2007-ci ildə Nəsib Əliyevin oğlunu qaçırdaraq MTN-ə aparıb. Oğlunun dalınca gələn sahibkar Çovdarovla görüşüb. Oğlunu bir də görə bilməyəcəyi hədəsi ilə Çovdarov ondan daha 500 min dollar tələb edib. Uzun sürən söhbətlərdən sonra 350 min dollara razılıq əldə edilib. Zərərçəkən qohumdan-əqrabadan topladığı borcla Çovdarova 350 min dollar verib və oğlunu həbsdən xilas edib.
Nəsib Əliyev bununla da Çovdarovun caynağından qurtula bilməyib. 2009-cu ildə Çovdarov onu başqasının əmlakını ələ keçirmə adı ilə yenidən MTN-ə gətizdirib. Ona hədə-qorxu gələrək 1 milyon pul tələb edib. O qədər pulunun olmadığını deyən Nəsib Əliyev bunun əvəzində 1 milyonluq mənzil verməsi təklifi ilə razılaşmalı olub. Nəsib Əliyev 1 milyonluq mənzili Çovdarovun yaxınlarının adına keçirib.
Prosesdə vəkillərin suallarını cavablandıran Nəsib Əliyev Çovdarovun otağının harada yerləşməsi barədə suala cavab verə bilməyib. A.Çovdarovun vəkilləri isə onun istintaq zamanı verdiyi ifadəsində otağın yerini dəqiq təsvir etdiyini deyiblər və ziddiyyət olduğunu bildiriblər. N. Əliyev isə istintaq zamanı verdiyi ifadəni təsdiq edib.
Daha sonra prosesdə Əflatun Kərimovun epizodu üzrə dinləmələr keçirilib. O, ifadəsində qeyd edib ki, ona hər hansı bir maddi ziyan vurulmayıb: "Məni bir gün MTN-də saxlayıblar. Özümü zərərçəkmiş hesab etmirəm, heç bir tələbim də yoxdu. Saxlandığım vaxtda da məndən heç nə istəməyiblər".
Məhkəmə fevralın 15-də davam edəcək.
**
14:22
Milli Təhlükəsizlik Nazirliyinin (MTN) Energetika və Nəqliyyat Sahələrində Təhlükəsizlik Baş İdarəsinin həbsdə olan sabiq rəisi, general-mayor Akif Çovdarov, 1-ci idarəsinin sabiq rəisi Səlim Məmmədov, 2-ci idarənin sabiq rəisi Akif Əliyev və 3-cü idarənin 1-ci şöbəsinin sabiq rəis müavini Orxan Osmanovun cinayət işi üzrə məhkəmənin baxış iclası davam edib.
Lent.az-ın məlumatına görə, Bakı Hərbi Məhkəməsinin sədri Həbib Həsənovun sədrliyi keçirilən iclas Sabunçu rayon Məhkəməsinin binasında baş tutub.
Proses haqqında təqsirləndirilən Akif Çovdarovun vəkili Şahin Rəfiyev məlumat verib.
Proses zərərçəkən Zakir Bədəlovun epizodu üzrə dinləmələr olub.
Xatırladaq ki, Zakir Bədəlov zərərçəkmiş kimi istintaqa ifadəsində bildirib ki, qohumu Zakir Mustafayevdən faizə 100 min dollar pul alıb. O, istintaqa deyib ki, aldığı pulu 125 min dollar olaraq geri qaytarıb: "Qohumum Zakir Mustafayev evimin birinci mərtəbəsində kafe açmağı təklif etdi. Mənə borca pul verdi. 2006-cı ildə 60 min, bir neçə ay sonra 30 min dollar verdi. İşləri tamamlaya bilmədiyim üçün əlavə 10 min dollar da verdi. Zakir Mustafayev pulları ayına 5% olmaqla qaytarmamı istədi. Mən də razılaşdım. Zakir Mustafayev dedi ki, Bakıxanov qəsəbəsindəki evini tikəndə ona 150 min dollar verərəm. Zakir Mustafayev ona verəcəyim pulu dayısı oğlu Abdul Həbibova verməyimi istədi. 125 min dollar Abdul Həbibova verdim. Sonra o zəng edərək yenidən məndən 150 min tələb etdi. Vermədikdə Zakir Mustafayev məni silahla hədələdi. Mən bankdan kredit götürüb o pulu da verdim. Sonra məni MTN-dən Səlim Məmmədov çağırdı. Qoşum Tofiq Əliyev dedi ki, Səlim Məmmədovun yanına gedim. Mənə deyildi ki, Zakir Mustafayevə 200 min borcum var. Onu ödəməsəm ölkədən deportasiya ediləcəm. Şəxsiyyət vəsiqəmi əlimdən aldılar. Akif Çovdarov da mənim qohumumdur. Mən prezidentə müraciət etdikdən sonra yenidən şəxsiyyət vəsiqəsi aldım".
Həmin epizod üzrə məhkəmədə şahid qismində Zakir Mustafayev dindirilib. O, Gürcüstan vətəndaşı olduğunu deyib: "Akif Çovdarovu bir həmyerli kimi tanıyıram. Vəzifədə işləyən 5 gürcüstanlıdan biriydi. Yalnız onunla şəxsi tanışlığım olmayıb və heç zaman da görüşməmişəm. Zakir Bədəlovun dediklərinin hamısı yalandır. Nə də silah sursat söhbəti olmayıb. Zakirin mənə 550 min dollar borcu olub, onun da 275 min dolları qaytarıb, qalanı isə qalıb. Hazırda da həmin pulu istəyirəm. Çünki biznes adı ilə bu pulu məndən alıb. Pulu qaytarmasın deyə yalandan burda danışır".
Bundan başqa məhkəmədə Kürdəmir rayon Xatirə restoranı epizodu üzrə və "Baktell"MMC epizodu şahidlər dindirilib.
Hər iki epizod üzrə dindirilən şahidlər istintaqa verdikləri ifadələri təsdiq ediblər.
Proses nahardan sonra davam edəcək.
Qeyd edək ki, təqsirləndirilənk şəxslər - Akif Çovdarova Cinayət Məcəlləsinin 145.3 (Qanunsuz azadlıqdan məhrumetmə ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə və ya digər ağır nəticələrə səbəb olduqda), 179.3.1, 179.3.2 (Mənimsəmə və ya israfetmə mütəşəkkil dəstə tərəfindən külli miqdarda törədildikdə), 181.3.1, 181.3.2 (Quldurluq mütəşəkkil dəstə tərəfindən külli miqdarda əmlak əldə etmək məqsədilə törədildikdə), 182.3.1, 182.3.2 (Hədə-qorxu ilə tələbetmə külli miqdarda əmlak əldə etmək məqsədilə törədildikdə ), 228.4 (Qanunsuz olaraq qaz silahını, soyuq silahı, o cümlədən soyuq atıcı silahı əldə etmə, satma və ya gəzdirmə), 302.1, 302.2 (Gizli qaydada informasiya alınması üçün nəzərdə tutulmuş texniki vasitələrdən istifadə edilməklə əməliyyat-axtarış fəaliyyəti haqqında qanunvericiliyi pozma), 311.3.1, 311.3.2, 311.3.3, 311.3.4 (Rüşvət alma qabaqcadan əlbir olan bir qrup şəxs və ya mütəşəkkil dəstə tərəfindən hədə-qorxu tətbiq olunmaqla külli miqdarda və təkrar törədildikdə), 313 (Vəzifə saxtakarlığı), 341.2.1, 341.2.2 və 341.2.3-cü (Bir qrup şəxs tərəfindən silah tətbiq olunmaqla hakimiyyətdən sui-istifadə etmə, hakimiyyət həddini aşma və ya hakimiyyətdən istifadə etməmə ağır nəticələrə səbəb olduqda) maddələri, Səlim Məmmədova həmin Məcəllənin 145.3, 179.3.1, 179.3.2, 181.3.1, 181.3.2, 182.3.1, 182.3.2, 302.1, 302.2, 311.3.1, 311.3.2, 311.3.3, 311.3.4, 313, 341.2.1, 341.2.2 və 341.2.3-cü maddələri, Akif Əliyevə həmin Məcəllənin 145.3, 179.3.1, 179.3.2, 181.3.1, 181.3.2, 182.3.1, 182.3.2, 302.2, 311.3.1, 311.3.2, 311.3.3, 311.3.4, 313, 341.2.1, 341.2.2 və 341.2.3-cü maddələri və Orxan Osmanova isə həmin Məcəllənin 145.3, 181.3.1, 181.3.2, 182.3.1, 182.3.2, 302.2, 311.3.1, 311.3.2, 311.3.3, 311.3.4, 341.2.1, 341.2.2 və 341.2.3-cü maddələri ilə yekun ittihamlar irəli sürülüb.
Zərərçəkmiş şəxslərə vurulmuş ziyanın ödənilməsinin təmin olunması üçün məhkəmə qərarları əsasında təqsirləndirilən şəxslər Akif Çovdarov, Səlim Məmmədrov, Akif Əliyev və Orxan Osmanova məxsus ümumilikdə 33 milyon 466 min manat dəyərində əmlak və pul vəsaitlərinin, o cümlədən 8 milyon 967 min manat dəyərində ticarət və xidmət sahələri, istilikxanalar, balıqçılıq təsərrüfatları və sair əmlak kompleksi, torpaq sahələri, 24 milyon 445 min manat dəyərində fərdi yaşayış evləri, mənzillər, nəqliyyat vasitələri və 37 min manat dəyərində zərgərlik məmulatlarının üzərinə həbslər qoyulub.