Qarabağ müharibəsinin iştirakçısı, “Bozqurd” batalyonunun komandiri və Teref.info saytının baş redaktoru Nurəddin İsmayılovun (Nurəddin Xoca) cinayət işi üzrə məhkəmə prosesi davam edib.
Lent.az-ın məlumatına görə, Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Zeynal Ağayevin sədrliyi ilə keçirilən prosesdə şahid qismində dindirilən Azərbaycan Yazıçılar İttifaqının üzvü, Azərbaycan Jurnalistlər Birliyinin sədri Elçin Şıxlı bildirib ki, istintaqda hər şeyi danışdığını deyib: “Orda nə ifadə vermişəm, təsdiq edirəm. Əgər başqa sualınız varsa, onu da cavablandıra bilərəm”.
Vəkil Elçin Sadıqov vəsatətlə çıxış edərək cinayət işində qeyd edilən yazılara linqvistiq politoloji rəy vermiş AMEA-nın İnsan Haqları Departamentinin rəhbəri Bəxtiyar Əliyevin məhkəmə şahid qismində dindirilməsini istəyib.
Vəsatət növbəti prosesdə müzakirə ediləcək.
Proses martın 18-də davam edəcək.
Qeyd edək ki, Nurəddin Xocaya qarşı Cinayət Məcəlləsinin 281.2-ci (dövlət əleyhinə yönələn açıq çağırışlar), 309-cu (vəzifə səlahiyyətlərini aşma) və 313-cü (vəzifə saxtakarlığı) maddələri ilə ittiham irəli sürülüb və məhkəmə qərarı ilə barəsində həbs qətimkan tədbiri seçilməyib.