Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində “AMAY” ticarət mərkəzinin həbsdə olan rəhbəri Abdulla Abdullayev və Heydər Rzayev, Mehman Məmmədxanlı, Elşən Novruzov, Vidadi Qurbanov, Nadejda İlyasovanın barəsində olan cinayət işi üzrə növbəti məhkəmə prosesi keçirilib.
Lent.az-ın məlumatına görə, prosesdə zərərçəkmiş şəxs qismində Sədaqət Əsgərova ifadə verdi.
S.Əsgərova ifadəsində təqsirləndirilən şəxslərdən heç birini tanımadığını, onlara qarşı heç bir şikayəti olmadığını bildirib: “Bina tam təchiz olunmayıb. 37 min 200 manat ödəmişəm. Məni heç kim aldatmayıb. Korrupsiya İdarəsinə çağırıblar, getmişəm, şikayətim olmadığını demişəm. Nə Abdulla Abdullayevdən nə də digər təqsirləndirilən digər şəxslərdən şikayətim və tələbim var”.
Abdulla Abdullayev “Xudafərin MMC” ilə bağlı danışmaq istədiyini bildirib. O, 2002-ci ildə tikintiyə başlamaq üçün razılıq aldığını, bir il sonra tikinti işləri apardığını deyib. A. Abdullayev 2004-cü ildə AMAY-ın köçürülməsi ilə bağlı tikintini dayandırmaq məcburiyyətində qaldığını qeyd edib. Bununla bağlı bina sakinlərin də işin dayandırılması ilə bağlı məlumat verdiyini deyib.
““Xudafərin MMC”də tikinti işləri müvəqqəti olaraq iki il dayandırıldı. 2008-də sakinlərin şikayəti əsasında cinayət işi başlanıldı. Şikayət etdilər deyə məsələ gecikdi, tikinti dayandırıldı. Sakinlərə dedim ki, belə etməyin, məndən çox sizə ziyan dəyəcək. Mən 2012-ci ildə hər şeyimi satıb Azərbaycandan getmək istəyirdim. Əslində 1999-cu ildə getmişdim də. Azərbaycana AMAY işinə görə qayıtmalı oldum. Həm də istəyirdim ki, “Xudafərin MMC”nin tikintisi qurtarsın. Üç aylıq tamamlanma işləri qalmışdı. Binaya transformator, lift qoyulmuşdu, mənzillərə kabellər çəkilmişdi, mərkəzə birləşmə işləri qalmışdı. Bakı şəhərində ən böyük hovuz hövzəsini də mən tikmişəm. Fikirləşirdim ki, birdən su olmaz, sakinlər ən azı iki ay susuz qalmasınlar. Bundan başqa bina həm də 10 bal zəlzələ üçün nəzərdə tutulub tikilmişdi, iki metr fundament qazılmışdı. O binada özümün də mənzilim vardı. Ekspert təyin etsəniz, özünüz də görərsiniz. Burada allahsız danışmasınlar. Müstəntiq isə o binaya 7 milyon 700 min manat smeta çıxarıb. Guya bu qədər pul xərclənib”.
A.Abdullayev dövlətə heç vaxt xəyanət etmədiyini deyib: “25 il bu dövlətə xidmət etdim. Bir manat haram pul yeməmişəm. Nə millətimə, nə də dövlətimə xəyanət etmişəm. Qəzetlərdə yazırlar ki, guya mitinqlərdə müxalifətçiləri döymüşəm. Qəzetlərdən oxuyuram. Bir nəfər çıxıb desin ki, mən onu döymüşəm”.
Qeyd edək ki, Abdulla Abdullayev və digərləri Cinayət Məcəlləsinin 179.3.2 (mənimsəmə və ya israf etmə) və 308.2-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə) maddələri ilə təqsirləndirilir.
Təqsirləndirilən şəxslərdən yalnız A.Abdullayev barəsində həbs-qətimkan tədbiri seçilib, digər şəxslər isə zamindədirlər.
A.Abdullayev ötən il aprelin 4-də həbs olunub. Onunla bağlı İqtisadiyyat və Sənaye Nazirliyi yanında Sahibkarlığa Kömək Milli Fondundan daxil olmuş material Baş Prokuror yanında Korrupsiyaya Qarşı Mübarizə Baş İdarəsində araşdırılıb. A.Abdullayevin həbsi ilə bağlı Baş Prokurorluğun mətbuat xidmətinin zamanında yaydığı məlumata görə, ilkin araşdırma zamanı toplanmış sübutlar əsasında Cinayət Məcəlləsinin 179.3.2 (mənimsəmə və ya israf etmə) və 308.2-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə) maddələri ilə cinayət işi başlanıb.