Jurnalistə sui-qəsd edən şəxs yaxınlıqdakı müşahidə kamerası tərəfindən görüntülənib. Lent.az-ın musavat.com-a istinadən verdiyi məlumata görə, Nizami rayon 12-ci polis bölməsində araşdırma apararkən polislər hadisə anının əsas yola quraşdırılmış DYP kamerası tərəfindən qeydə alındığını müəyyənləşdiriblər.
Sui-qəsdçi başında papaq, əynində qırmızı rəngli köynəyi olan naməlum birisidir. Polisdə olan musavat.com əməkdaşı artıq videogörüntünün surətini köçürüb. Lent bir qədər sonra yayınlanacaq.
***
12.02
Fərahim İlqaroğlu: “Görsəm, tanıyaram” - YENİLƏNİB
“Səhər işə getmək üçün maşına mindim. Bir də gördüm qırmızı jiletli və kepkalı oğlan məni çağırdı ki, bir dəqiqə olar səni? Dedim, buyur. Dedi, yox, düş aşağı. Yaşadığım evin blokunun ağzına çağırdı. Maşından düşdüm. Çatan kimi dedi, burda yaşayırsan? Dedim, bəli. Başladı başımdan, üzümdən vurmağa. Söz soruşa da bilmədim ki, ay qardaş, bəlkə kimləsə səhv salırsan? Gördüm cibindən bıçaq çıxartdı ki, məni vursun. Qara, uzun bıçaq idi. Blokun qapısı açıldı, özümü atdım çölə. Qışqırdım, kömək çağırdım. Bir oğlan gəldi, deyəsən qonşumuz idi. Onda bu qaçdı”.
Bunu səhər tanımadığı adam tərəfindən hücuma məruz qalmış “Yeni Müsavat” qəzetinin əməkdaşı Fərahim İlqaroğlu baş verənlər barədə Lent.az-a danışarkən deyib.
F. İlqaroğlu onu da əlavə edib ki, onu bıçaqlamaq istəyən şəxsin üzünü görüb: “Üzünü gördüm. Görsəm, tanıyaram”.
Jurnalist hazırda Nizami rayon polis idarəsindədir.
***
10.49
“Yeni Müsavat”ın əməkdaşı hücuma məruz qalıb
"Yeni Müsavat"ın reportyoru Fərahim İlqaroğlu bu gün səhər saat 10.30 radələrində redaksiyanın yaxınlığında gözlənilməz hücuma məruz qalıb. Naməlum şəxslər qəfildən ona yaxınlaşaraq jurnalisti döyərək hadisə yerindən qaçıblar.
Lent.az-ın məlumatına görə, bu barədə musavat.com-a xəbər verən F.İlqaroğlu əlavə edib ki, hücuma məruz qalmasının səbəbini bilmir, basqınçıları isə tanımır.
Qeyd edək ki, iki gün öncə onun avtomobili avtoxuliqanlıq edən bir şəxs tərəfindən vurulmuşdu. Jurnalist qəza törətdikdən sonra sürətlə şütüyüb aradan çıxan həmin şəxsi öncədən avtomobilinə yerləşdirilmiş videokameranın lent yaddaşından istifadə edərək tapdırmışdı.
Bu hadisənin həmin qəza olayı ilə bağlı olub-olmadığı hələlik bilinmir.
Əlavə məlumatlar veriləcək.
Qeyd edək ki, F. İlqaroğlu "APA TV" ilə də əməkdaşlıq edir.