“Yeni Müsavat”ın əməkdaşı Fərahim İlqaroğlu Daxili İşlər Nazirliyinə çağırılıb. Lent.az-ın məlumatına görə, bu barədə musavat.com-a jurnalist özü məlumat verib. Onun sözlərinə görə, nazirliyə çağırılmağı “Yeni Müsavat” qəzetinin baş redaktoru Rauf Arifoğlunun daxili işlər naziri Ramil Usubova müraciəti ilə bağlıdır: “Bu gün nazirliyin əməkdaşı Elxan Süleymanov mənə zəng vurub dedi ki, mayın 2-i, saat 10-da DİN-də olun”.
Əməkdaşımız işi ilə bağlı hələ də araşdırmaların aparıldığını söylədi: “Faktla bağlı Cinayət Məcəlləsinin 221-ci (xuliqanlıq) maddəsi ilə cinayət işi başlanıb, hazırda hadisəni törədən şəxslərin müəyyən edilərək tutulması istiqamətində əməliyyat-istintaq tədbirləri davam etdirilir”.
Qeyd edək ki, “Yeni Müsavat” qəzetinin əməkdaşı Fərahim İlqaroğlu aprelin 25-də naməlum şəxslərin hücumuna məruz qalıb. Jurnalist yaşadığı evdən çıxarkən naməlum şəxs tərəfindən döyülüb.