Bu gün “Nida”çı gənclərin məhkəməsi davam etdirilib. Lent.az-ın məlumatına görə, vəkillər gecikdiyinə görə, iclas yarım saat gec başlayıb. Proses başlar-başlamaz təqsirləndirilən şəxslərdən Rəşadət Axundov hakimə müraciət edib. O, 10 dekabr Beynəlxalq İnsan Haqları Günü olduğundan, eləcə də bir neçə gün əvvəl dünyasını dəyişən tanınmış ictimai-siyasi xadim, CAR-ın keçmiş prezidenti Nelson Mandelanın ruhunu bir dəqiqəlik sükutla yad etməyi xahiş edir. R.Axundovun təklifi qəbul edilib və bir dəqiqəlik sükut elan edilib.
Daha sonra ötən proses təqsirləndirilən şəxslərdən Bəxtiyar Quliyevin ibtidai istintaqa verdiyi ifadənin elan edilməsi ilə davam etdirilib. B. Quliyev ona verilən ittihamlardan biri olan harlem-şeyk videosunun çəkilməsi ilə bağlı bildirib ki, ideya ona aid olub. İfadəsində o, bu fikrin necə yaranmasına aydınlıq gətirib. Daha sonra məhkəmə prosesi Bəxtiyar Quliyevin digər cinayət işləri ilə bağlı ifadələrinin elan edilməsi ilə davam etdirilib.
Bundan sonra hakim Cavid Hüseynov prosesin bitdiyini və prosesin 12 dekabrda saat 10:30 -da davam etdiriləcəyini deyib.