Azərbaycan Mətbuat Şurası və «Azərsun Holdinq»in «Zeytun bağları» Azərbaycan zeytununun şöhrəti» adlı birgə müsabiqəsi üzrə mükafatlandırılma mərasimi keçirilib. Lent.az-ın məlumatına görə, tədbiri giriş sözü ilə açan Mətbuat Şurasının sədri Əflatun Amaşov müsabiqəyə jurnalist marağının böyük olduğunu vurğulayıb. Yazılarının qəbulunun 2014-cü il yanvar ayının 1-dən mart ayının 15-dək həyata keçirildiyini bildirib: “Təqdim olunan 58 yazı müvafiq qaydada araşdırılaraq qiymətləndirilib. Mövcud xüsusda bir birinci, iki ikinci, üç üçüncü yerin, o cümlədən on həvəsləndirici mükafat laureatının adı müəyyənləşdirilib”.
Şura sədri çıxışında rəhbərlik etdiyi qurumun «Azərsun Holdinq»lə əməkdaşlığa hər zaman böyük önəm verdiyini də diqqətə çatdırıb. «Azərsun Holdinq»in İdarə Heyətinin üzvü Ruslan Rəhimov təmsil olunduğu qurumun media ilə bağlı layihələrə xüsusi diqqət yetirməsindən söz açıb. Müsabiqəyə marağın böyük olmasını mühüm faktor kimi önə çəkən R.Rəhimov bildirib ki, jurnalistlərin aktivliyi bu kimi təşəbbüslərin gələcək perspektivləri üçün nikbinlik yaradır.
«Azərsun Holdinq»in mətbuat xidmətinin rəhbəri Afiq Səfərov müsabiqəyə təqdim olunan yazıların araşdırılması prosesindən söz açıb. Materialların bir çoxunun mövzuya həssas yanaşma istəyindən qaynaqlandığını əlamətdar cəhət kimi vurğulayan A.Səfərov ekspertlərin mövcud istiqamətdəki qeydləri barədə ümumi məlumat verib.
Azərbaycan Mətbuat Şurası və “Azərsun Holdinq”in «Zeytun bağları» Azərbaycan zeytununun şöhrəti» adlı birgə müsabiqəsində I yerə Şirməmməd Nəzərli (Salamnyus İnformasiya Agentliyi), II yerə İsmayıl İsmayılov (Mediaforum.az saytı), Elxan Salahov («Həftə içi» qəzeti), III yerə isə Səxavət Həmid («Gündəlik teleqraf» qəzeti), Zülfiyyə Quliyeva («Mövqe» qəzeti), Seymur Yunusov («İqtisadiyyat» qəzeti) layiq görülüblər.