“Azəriqaz” İstehsalat Birliyinin idarə və müəssisələrində elektrik təchizatı yaxşılaşdırılır. Lent.az-ın ARDNŞ-in rəsmi saytına istinadən verdiyi məlumata görə, qaz təsərrüfatı obyektlərində texniki qurğuların dayanması, nasazlığı, texnoloji rejim prosesindən kənaraçıxmalar, avtomatik nəzarət, tənzimləmə, qoruyucu, müşahidə, xəbərvermə, rabitə vasitələrinin nasazlığı və ya elektrik enerjisinin gözlənilmədən kəsilməsi qaz təsərrüfatına və ətraf mühitə böyük ziyan vura bilər.
Baş verə biləcək riskləri nəzərə alaraq, təsərrüfatın fasiləsiz istismarını təmin etmək məqsədi ilə ARDNŞ-in “Azəriqaz” İstehsalat Birliyinin əksər idarə və müəssisələrinin 2012-ci ildə elektrik təchizatının yenidən qurulması üçün “Azərenerji” ASC və “Bakıelektrikşəbəkə” ASC-yə müraciət olunub, Ağsu, Şəmkir, Şabran, Gəncə, Zaqatala, Sabirabad və digər Qaz İstismar sahələrinə texniki şərtlər alınıb. Bununla yanaşı, 2011-2012-ci illərdə alınmış texniki şərtlərə əsasən, Neftçala, Naftalan, Biləsuvar, Qusar, Ağsu, Füzuli və başqa Qaz İstismar sahələri üzrə yeni transformatorlar və əlavə avadanlıqlar quraşdırılıb, nəticədə həmin sahələr daimi və fasiləsiz elektrik enerjisi ilə təmin edilib. Qazpaylayıcı Stansiyalarda ROC-407 və ROC-107 markalı sərfölçmə cihazlarının elektrik xətləri təmir edilib və ya yenisi ilə əvəz olunub. Elektrik təhlükəsizliyi qaydalarına əsasən sahələrdə olan dielektrik ləvazimatlar yığılaraq müvafiq qaydada laboratoriyada sınaqdan keçirilib. Ümumiyyətlə, görülən praktiki tədbirlərlə yanaşı, dizel yanacağı, benzin və elektrik enerjisinin qənaətlə və səmərəli istifadə edilməsi barədə təlimat hazırlanaraq icra üçün sahələrə göndərilib. Dizel yanacağı, benzin və elektrik enerjisindən qənaətlə istifadə edilməsi nəticəsində ötən il 140,5 ton dizel yanacağı, 116 ton benzin və 19600000 kVt elektrik enerjisinə qənaət edilib. Bu istiqamətdə tədbirlər davam etdirilir.
Mövcud qaz kəmərlərində baş verən qəzaların vaxtında aradan qaldırılması məqsədilə 35 ədəd ADD markalı və 22 ədəd “Honda” markalı qaynaq aqreqatı ayrılaraq Qaz İstismar sahələrinin balansına verilib. Bundan başqa, 2012-ci ildə sahələrin balansında olan 33 ədəd ADD tipli, 8 ədəd “Honda” tipli qaynaq aqreqatları, eləcə də 6 ədəd generator və 2 ədəd su nasosu təmir olunub. Sahələrdə qaynaq ütülərinin işləməsi məqsədilə 13 kVt gücündə 36 ədəd generator ayrılıb.