Xalasının ərini iki yumruqla öldürməkd təqsirləndirilən Vüqar Hüseynovun barəsindəki cinayət işi üzrə məhkəmə prosesi davam edib.
Lent.az-ın məlumatına görə, Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Şəkər Məmmədovanın sədrliyi ilə keçirilən prosesdə prokuror ittiham aktını elan edib.
İttihama münasibət bildirən Vüqar Hüseynov özünü təqsirli bilmədiyini deyib.
Məhkəmədə mərhumun hüquqi varisi Zaur Şakirov ifadə verib. Zaur Şakirov mərhumun oğludur.
Hüquqi varis bildirib ki, təqsirləndirilənlə qohumdurlar: "Xalam oğludur. Vüqarın qızı və nəvəsi rəhmətə gedəndə yasda iştirak edə bilmədik. Anam əməliyyat olunmuşdu. Amma səhəri gün atam getdi. Atam yasa gedəndə orda olan qadınlar yüksək səslə ağlayıb. Atam da gedib onlara deyib ki, hadisədir, baş verib, hamının yası olur. Bunu deyəndə atamı oradan qovublar. Sonra Vüqar deyib ki, Muğamı öldürəcəm. Atam da pis oldu ki, axı nə deyib? Xalam da mənə dedi ki, Vüqar deyir ki, atamı vurub öıdürəcək".
Şahid bildirib ki, bu söhbətdən bir neçə gün sonra Vüqar atasını öldürüb: "Atam dedi ki, Vüqar ona zəng edib. Atama deyib ki, sən yasa niyə gəlməmisən? Atam da deyib işim var. Həmin gün dayım zəng elədi ki, atamı maşın vurub. Dedim ki, atamı Vüqar vurub. Çünki ondan şübhələnirdim. Biz xəstəxanaya getdik. Həkimlər dedi ki, artıq beyninin bir hissəsi işləmir. 2 gün sonra atam öldü".
Prosesdə təqsirləndirilən Vüqar Hüseynovda dindirilib. O, bildirib ki, qəzada ailəsinin üzvlərini itirib: "Gözümün ağı, qarası bir balamı orda maşında, ayaq altında gördüm. Onları dəfn elədim. Çöldə ağlayan qadınlara Muğamın nə dediyini bilmirəm. 40-dan sonra mən Muğamla görüşdüm. 4 cümə axşamında Muğam mənim yanımda olub. Mən sadəcə söz gəlişi Muğamdan səbəbi soruşdum ki, nə deyibsən? Amma o mənə elə cavab verdi ki, dilimə gətirə bilmirəm. Prokurorluqda da nə qədər soruşdularsa, demədim. Deməyəcəm də. Amma onu orda necə vurduğumu bilmirəm".
V.Hüseynov mərhumun dəfn xərclərini ödədiyini deyib: "Onun dəfn xərclərini də qarşıladım. Həbs edilənə qədər həkim tapdım, müalicəsinə əlimdən gələni etdim. Dayım dedi ki, ailəsi 50 min istəyir. Əvvəlcə şikayətçi deyildilər. Dedilər ki, bilərəkdən baş verən hadisə deyil. Amma sonradan fikirlərini dəyişdilər"
Proses gələn həftə davam edəcək.
Qeyd edək ki, hadisə bu il Abşeron rayon Saray qəsəbəsində baş verib.
Belə ki, Vüqar Hüseynovun qızı və nəvəsi avtoqəzaya düşərək dünyasını dəyişib.
Onun yas mərasimi başa çatandan sonra Vüqar Hüseynov xalasının əri Muğam Şakirova yasa niyə gəlməməsi ilə bağlı irad bildirib.
Bu zaman Muğam Şakirov Vüqar Hüseynovu ölmüş qızı və nəvəsini təhqir edib.
Bundan qəzəblənəb Vüqar Hüseynov xalasının ərinə iki yumruq zərbəsi vurub.
Yumruq zərbələrindən Muğam Şakirov yerə yıxılıb.
Aldığı zərbə nəticəsində özündən gedib. Xəstəxanaya çatdırılsa da, onun həyatını xilas etmək mümkün olmayıb.
Vüqar Hüseynov polis tərəfindən saxlanılıb. Ona Cinayət Məcəlləsinin 126.3-cü( sağlamlığa ağır zərbə vurma, ölümlə nəticələnmə) maddəsi ilə ittiham verilib.