Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində yetkinlik yaşına çatmayn qızları oğurlamaqda təqsirli bilinən Bakı sakinləri Vilayət Lələyev, Nurlan Həsənov, Bərdə rayon sakini Nicat Kərimovun cinayət işi üzrə məhkəmə prosesi davam etdirilib. Lent.az-ın məlumatına görə, hakim Fikrət Qəribovun sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxslər və hal şahidləri ifadə veriblər. İttiham olunan şəxlər özlərini qismən təqsirli hesab ediblər. Məhkəmə prosesi 25 noyabrda davam etdiriləcək.
Təqsirləndirilən şəxslər barəsində Cinayət Məcəlləsinin 144.3 (adam oğurluğu yetkinlik yaşına çatmayan şəxs barəsində törədildikdə) və 128 (qəsdən sağlamlığa yüngül zərər vurma) maddəlləri ilə işə baxılır.
Qeyd edək ki, 2013-cü il sentyabrın 3-də Səngəçal qəsəbə sakini Gülbəniz Quliyeva Qaradağ Rayon Polis İdarəsi 11-ci polis bölməsinə ərizə ilə müraciət edərək qızı Cəmalənin naməlum şəxslər tərəfindən “Opel” markalı avtomaşına zorla mindirilərək, aparılmasını göstərib. Məlumat yoxlanılıb, təsdiqini tapdıqdan sonra şübhəli bilinən avtomobil Baş Dövlət Yol Polisi İdarəsi və Qaradağ RPİ-nin əməkdaşları tərəfindən Ələt-Astara yolunda, Kürdəmir rayonunun ərazisində saxlanılıb.
Şübhəli şəxslər polis bölməsinə çatdırılıblar, qaçırılan yetkinlik yaşına çatmayan qız isə valideynlərinə təhvil verilib. Faktla əlaqədar Qaradağ rayon prokurorluğunda cinayət işi qaldırılıb. İstintaqın gedişatında müəyyən edilib ki, təqsirləndirilən şəxslər qızı Kərimovla evlənmək məqsədi ilə qaçırıblar.