Silahlı Qüvvələrin Təlim və Tədris Mərkəzində Hərbi psixoloqların təlim-toplantısına hazırlıq məqsədilə tədbir keçirilib. Lent.az-ın Müdafiə Nazirliyinin saytına istinadən məlumatına görə, tədbirdə nazirliyin Şəxsi Heyət Baş İdarəsi, Azərbaycan Milli Elmlər Akademiyasının nümayəndəri, Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbi, Təlim və Tədris Mərkəzi, Cəmşid Naxçıvanski adına Hərbi Liseyin zabit və professor-müəllim heyəti iştirak edib.
Tədbirdə şəxsi heyətin döyüş hazırlığının artırılmasında, təlim-tərbiyə işinin təşkilində və aparılmasında psixologiya elminin və psixoloqların hər zaman mühüm rol oynadığı bildirilib.
Görüşdə hərbi hissələrdə hərbi psixoloqların işinin təşkili və onların vahid sisteminin yaradılması, təlim prosesi proqramlarının hazırlanması, hərbi psixoloqlar üçün ədəbiyyatın, dərs vəsaitlərinin, topluların, psixoloji testlərin tərtib edilməsi, eləcə də psixoloji təhlillərin aparılması üsulları müzakirə edilib.
Tədbirdə hərbi psixoloqların Silahlı Qüvvələrdə vacibliyinin önə çəkildiyi, bu işə cavabdeh zabitlərin daha peşəkar olmaları üçün tədris kurslarının məhz müdafiə nazirinin təşəbbüsü ilə keçirilməsinin planlaşdırıldığı və bu səbəbdən də ordumuzda tanınmış psixoloqların təcrübəsindən istifadə olunacağı qeyd edilib.
Sonda psixoloqlar təlim proqramı ilə bağlı öz fikir və mülahizələrini bildirərək ordumuzun mənəvi-psixoloji cəhətdən daha da sağlam və güclü olması naminə tədris dövründə bilik və bacarıqlarını əsirgəməyəcəklərini bildiriblər.