Bakı Ağır Cinayətlər Məhkəməsində qanunsuz olaraq odlu silah saxlamaqda təqsirləndirilən Quba rayon sakinləri Vəfanur Məmmədov, onun qardaşı Vəfadar Məmmədov və Nizami Nəcəfovun cinayət işi üzrə məhkəmə prosesi davam etdirilib. Lent.az-ın məlumatına görə, prosesdə məhkəmə istintaqının başa çatması barədə qərar qəbul edilib. Dövlət ittihamçısı çıxışa hazır olmadığı üçün proses noyabrın 12-nə qədər təxirə salınıb.
Qeyd edək ki, hər 3 şəxs Milli Təhlükəsizlik Nazirliyinin (MTN) keçirdiyi əməliyyat zamanı saxlanılıblar. Qanunsuz olaraq silah saxlama, gəzdirmə və Qubanın Nügədi kənd sakini Mərziyyə Osmanovanı oğurlamağa cəhddə ittiham olunurlar.
İttihama görə, Vəfadar Məmmədov Nizami Nəcəfov və Vəfanur Məmmədovla qabaqcadan əlbir olaraq tamah niyyəti ilə Quba rayonu, II Nügədi kənd sakini Osmanova Mərziyyə Atamoğlan qızının oğurlanmasını həyata keçirmək məqsədilə istintaqa məlum olmayan mənbədən döyüş sursatları və partlayıcı maddələr əldə edib saxlamaqla adam oğurluğuna hazırlıq cinayəti törədiblər.
Mərziyyə Osmanova Quba Rayon Polis Şöbəsinin əməkdaşının bacısı olub.