Hər bir yol-nəqliyyat hadisəsindən sonra ölkə yollarına müəyyən miqdarda ziyan dəyir. Lent.az ən dəhşətli yol qəzalarının yollara, infrastruktura, qurğulara vurduğu ziyanın kiçik bir qismini əks etdirən fotoları təqdim edir.
Lent.az-ın məlumatına görə, yol-nəqliyyat hadisəsi baş verirsə hadisə yerində Nəqliyyat Nazirliyi, yol polisi və qəzanı törətmiş şəxsin iştirakı ilə müvafiq akt tərtib olunur. Həmin aktda yol infrastrukturuna dəymiş ziyan göstərilir və səbəbkarın həmin ziyanı bu və ya digər formada ödəməsi təmin edilir. Bir çox hallarda isə məsələ məhkəməyədək uzanır və məhkəmənin qərarına baxmayaraq yola ziyan vurmuş şəxs dəymiş zərəri ödəməkdən boyun qaçırır.
Nəqliyyat Nazirliyi “Azəryolservis” ASC-dən Lent.az-a bildirilib ki, təkcə keçən il yol-nəqliyyat hadisələri nəticəsində ölkə yollarına təxminən 3 milyon manat ziyan dəyib. Ümumilikdə 12 min paqonnometr əyrixətli tir, 100-dən artıq yol göstəricisi, 200 paqonnometr bardür yol qəzaları nəticəsində ziyan görüb.
"Azəryolservis" ASC sürücülərə texniki cəhətdən nasaz avtomobillərlə yola çıxmamağı, yollarda maksimum ehtiyyatlı olmağı tövsiyyə edir.