6 tələbənin öldüyü qəzadakı "Zil"in sürücüsü məhkəmədə ifadə verib
06 iyul 2017 16:56 (UTC +04:00)

6 tələbənin öldüyü qəzadakı "Zil"in sürücüsü məhkəmədə ifadə verib

0

 

Sumqayıt yolunda 6 tələbənin ölümü ilə nəticələnən qəza törədən Namiq Hüseynovun cinayət işi üzrə məhkəmə davam edib.

 

Lent.az-ın məlumatına görə, Bakı Ağır Cinayətlər hakim Novruz Kərimovun sədrliyi ilə keçirilən prosesdə şahid qismində  qəza zamanı yol kənarında saxlanan "Zil" markalı maşının sürücüsü Elvin Şəmistanlı dindirilib.

 

E.Şəmistanlı ifadəsində qeyd edib ki, yük maşını xarab olduğu üçün yolda saxlayıb: "Ustanın gəlmək imkanı olmadı. Yol polisi əməkdaşları gəldi. İki daşı maşının arxasına qoydum. Polislər daşlardan lent çəkdi. Çıxıb getdim. Maşında 10 tondan artıq yük olmayıb. Maksimum 450 daş olardı”.

 

Hakim Novruz Kərimovun suallarını cavablandıran E.Şəmistanlı bildirib ki, yük maşınını 1 gün qabaq hadisə yerində saxlayıb: "Gecə saat 11 radələrində maşın xarab oldu. 1992-ci ilin maşınıdır. Səhər tezdən usta götürüb gəlirdim. Saat 8-də biz yola çıxdıq. Amma yolda bildik ki, belə bir hadisə olub. Maşın yerə qoyduğumuz daşa dəyib. Daşın aşmasından bildim".

 

 

Sürücü qeyd edib ki, sonuncu dəfə maşınını 2015-ci ildə texniki baxışdan keçirib: "Həmin gecə usta tapa bilmədim, yoxsa gələcəkdim. Lenti çəkib getdim. Səhər gələndə qardaşım zəng edib qəza baş verdiyini dedi. Qəzadan sonra dayanma-durma qaydasını pozduğum üçün cərimə edilmişəm".

 

Valideynlər "Zil"in sürücüsünün də məsuliyyətə cəlb edilməsini istəyib.

 

Hakim məhkəmə istintaqı gedişində buna hüquqi qiymət veriləcəyini söyləyib.

 

Məhkəmədə digər zərəçəkmiş tələbələr də ifadə verib. Onlar şikayət və tələblərinin olmadığını deyiblər.

 

Qeyd edək ki, bu il martın 9-da saat 08:00 radələrində Abşeron rayonu ərazisində Sumqayıt şəhər sakini Namiq Hüseynovun idarə etdiyi "Ford" markalı mikroavtobus yolun hərəkət hissəsində dayanmış həmyerlisi Elvin Şəmistanlıya məxsus "ZİL" markalı yük avtomobilinin arxa hissəsinə çırpılıb.

 

Nəticədə mikroavtobusda olan Sumqayıt Dövlət Universitetində təhsil alan 6 tələbə - Fizika və elektroenergetika fakültəsinin III kurs tələbələri İbrahim Quliyev, İbrahim Nəsibov, Tarix və coğrafiya fakültəsinin III kurs tələbələri Çinarə Quliyeva, Rəşad Caniyev, Roza Muradova, 1999-cu il təvəllüdlü Lalə Nəsirzadə ölüb, daha 20 tələbə yaralanıb.

 

Faktla bağlı Daxili İşlər Nazirliyinin (DİN) Baş İstintaq və Təhqiqat İdarəsinə bilavasitə tabe olan Yol-nəqliyyat hadisələrinə dair işlər üzrə İstintaq və Təhqiqat Şöbəsində Cinayət Məcəlləsinin 263.3-cü (yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarının pozulması ehtiyatsızlıqdan iki və daha çox şəxsin ölümünə səbəb olduqda) maddəsi ilə cinayət işi başlanılıb. Mikroavtobusun sürücüsü N.Hüseynov şübhəli şəxs qismində məsuliyyətə cəlb olunub. Daha sonra onun barəsində həbs qətimkan tədbiri seçilib.

 

 

Namiq Hüseynov bundan öncə də avtoqəza törətdiyinə görə 2013-ildə 1 il 6 ay islah işlərinə cəlb edilib.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 334

Oxşar yazılar